Türkiyənin Kastamonu şəhərinin 2018-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı təqdimat keçirilib.
Kastamonu şəhərində təşkil olunan mərasimdə Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, Türkmənistanın Ankaradakı səfiri İşankuli Amanlıyev, Kastamonu vilayətinin valisi Yaşar Karadəniz və başqaları çıxış ediblər.
Çıxışçılar TÜRKSOY-un həyata keçirdiyi mədəniyyət layihələri türk dünyasının birlik çağırışına real nəticələr bəxş edən amil kimi dəyərləndiriblər. Əminliklə qeyd olunub ki, tarixi Kastamonu şəhərinə göstərilən bu diqqət və qayğı bu bölgənin bütün türk dünyası üçün cəlbedici olmasına böyük töhfə olacaqdır.
Təqdimat geniş bədii proqramla davam edib.
azertag.az