Şahin Mustafayev: "Son 14 ildə regionların inkişafına 4,5 mlrd. manatdan çox vəsait ayrılıb"
29.1.2018

Azərbaycanda 2004-cü ildən indiyədək regionların sosial-iqtisadi inkişaf layihələrinə 4,5 mlrd. manat həcmində vəsait yönəldilib. Bundan əlavə, ölkə Prezidentinin sərəmcamları ilə rayon və şəhərlərin inkişafına 368 mln. manat ayrılıb ki, bu vəsaitlərin ayrılması regionların sosial inkişafında mühüm rol oynayıb.

Bunu bu gün Heydər Əliyev Mərkəzində Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

"Prezident idxalın azaldılması istiqamətində tövsiyələr verib. Biz işlərimizi bu istiqamətdə qurmalıyıq. Bu görüşlər çərçivəsində qaldırılan məsələlər diqqətlə öyrənilib, bu məlumatlardan istifadə edəcəyik", - nazir deyib.

Ş.Mustafayev qeyd edib ki, konfransda çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, dövlət öz üzərinə düşən vəzifələri yerinə yetirəcək. Dövlət investisiya proqramı çərçivəsində layihələr haqqında dövlət başçısı tapşırıqlar, sahibkarların sosial məsuliyyəti, sahibkarların üzərinə düşən vəzifələr haqqında tövsiyələr, ixrac potensialı olan məhsulların statistikası təqdim edilməklə bu sahədə məsləhətlər verib.

Nazir bildirib ki, siyasi sabitlik nəticəsində güclü iqtisadi potensial ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edib. Bu da regionların sosial-iqtisadi inkişafında böyük rol oynayır: "Qeyri-neft ixracı üzrə stimullaşdırıcı işlər görülüb, biznes-investisiya mühitinin təkmilləşdirilməsi, KOS-lara yardım diqqətdə saxlanılır".

Onun szölərinə görə, ötən il ərzində ölkədə 177 min daimi iş yeri açılıb, qeyri-neft sektoru 2,7% artıb.

report.az