Prezident İlham Əliyevin “2 fevral - Gənclər günü kimi qeyd olunması haqqında” Sərəncamına, həmçinin ötən ilin sentyabrın 15-də imzaladığı Sərəncamla təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fevralın 2-dən 6-dək ənənəvi “Gəncliyin səsi” festivalı keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, festivalda məqsəd gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışları, bilik və bacarıqları, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsidir.
Festival 2016-cı ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə keçirilir.
Bu il “Gəncliyin səsi” festivalının “ASAN Könüllüləri” Təşkilatı ilə birlikdə Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində, Şəmkir, Gədəbəy, Quba və Masallı rayonlarında keçirilməsi planlaşdırılır.
Fevralın 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında reallaşacaq festivalın açılış mərasimində istedadlı gənclərin mükafatlandırılması da nəzərdə tutulub.
Festival çərçivəsində gənc yazarlarla görüş, Prezident təqaüdçülərinin konserti, gənclərin rəsm əsərlərindən ibarət sərgi, gənc rejissorlarla görüş və onların filmlərinin nümayişi, gənc aşıqların konserti və “ASAN Könüllüləri”nin təqdimatında “Kölgə” və “Bankir adaxlı” tamaşalarının premyerası keçiriləcək.
azertag.az