Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Yeni il bayramı ərəfəsində Bakının Nəsimi rayonundakı 1 nömrəli uşaq evində olub. Leyla Əliyevaya məlumat verilib ki, bina 1930-cu ildə tikilmiş və iki ildən sonra uşaq evi kimi fəaliyyətə başlayıb. Uşaq evi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə yenidən qurulub. Burada atılmış və imtina edilmiş 4 yaşadək uşaqlar yaşayır.
Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqların yataq otaqlarına baxıb. Körpələrin sağlamlığı ilə maraqlanan Leyla Əliyevanın diqqətinə çatdırılıb ki, burada uşaqların yaşayışı üçün yaxşı şərait yaradılıb. Hazırda 42 azyaşlının böyüdüyü bu evdən ayrılan uşaqların əksəriyyəti övladlığa verilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva uşaqların bayram şənliyinə qatıldı və onlara hədiyyələr təqdim edib.
Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın Xətai rayonundakı 3 nömrəli uşaq evində də olub. Uşaq evinin sakinləri Leyla Əliyevanı hərarətlə qarşıladılar.
Bildirilib ki, 85 uşağın yaşadığı bu müəssisəyə hər cür diqqət və qayğı göstərilir. Fondun təşəbbüsü ilə uşaq evi üçün Buzovna qəsəbəsində yay-sağlamlıq istirahət düşərgəsi tikilərək istifadəyə verilmişdir.
Sonra Leyla Əliyeva uşaqların hazırladığı yeni il proqramına tamaşa etdi. Bayram əhval-ruhiyyəsində olan balacalar yolka ətrafında dövrə vuraraq bir-birindən maraqlı mahnılar, şux rəqslər təqdim etdilər.
Heydər Əliyev Fondunun bayram hədiyyələri isə uşaqların sevincini daha da artırıb. Leyla Əliyeva uşaqların vəziyyəti ilə maraqlandı. Qeyd olundu ki, burada uşaqların yaşayışı, asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait vardır.
Uşaqları Yeni il münasibətilə təbrik edən Leyla xanım Əliyeva onlarla xatirə şəkli çəkdirib.
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Suraxanı rayonundakı 2 nömrəli uşaq evində Yeni il münasibətilə təşkil edilən bayram tədbirində iştirak edib. Uşaq evinin sakinləri onu böyük sevinclə qarşılayıblar.
Vurğulandı ki, Heydər Əliyev Fondu digər uşaq və internat evləri kimi, bu müəssisəni də daim diqqətdə saxlayır. Uşaq evində 3 yaşdan 18 yaşadək 131 uşaq yaşayır. Onların təlim-tərbiyəsi ilə 78 pedaqoji və texniki işçi məşğul olur. Buranın sakinləri dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun qayğısını da daim üzərlərində hiss edirlər. Fondun dəstəyi ilə uşaq evi üçün 2006-cı ildə 200 nəfərlik müasir yeməkxana inşa olunmuşdur. Bundan başqa, Heydər Əliyev Fondu müxtəlif illərdə uşaq evinə 2 nəqliyyat vasitəsi, televizor, kompyuter və digər zəruri avadanlıq hədiyyə edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Yeni il bayramı münasibətilə bu uşaq evinə gəlişi və balacalara bayram hədiyyələri verməsi Fondun gələcəyimiz olan uşaqlara göstərdiyi dəstəyin ardıcıl xarakter daşıdığını nümayiş etdirir. Leyla xanım Əliyeva Suraxanı rayonundakı 2 nömrəli uşaq evinin sakinləri ilə xatirə şəkli çəkdirib.
ANS PRESS