“Şelkunçiklə muzeydə tətil” proqramı maraqla qarşılanıb
30.1.2018

Elə bir uşaq tapılmaz ki, nağılları sevməsin. Sirlərlə dolu, möcüzəli, həyəcanlı, eşq tərənnümlü və xoşbəxt sonluqla bitən nağılları isə uşaqlar xüsusilə sevir. Milli İncəsənət Muzeyi yeni tədbirini uşaqların həvəslə oxuduğu alman yazıçısı Ernest Teodor Amadeus Hoffmanın xalq nağılları əsasında yazdığı “Şelkunçik” (Fındıqsındıran və Siçanlar kralı) əsərinə həsr edib.

Muzeydə gerçəkləşən “Şelkunçiklə muzeydə tətil” proqramını parlaq, şən və yaddaqalan etmək üçün uşaqlara çoxlu sayda rəngli və əyləncəli aktivitilər də təqdim olunub. Uşaqlar nağılın baş qəhrəmanı - məğrurluğu və cəsurluğu ilə balacaların könlünü fəth edən Şelkunçikin rəsmini yaradaraq panno üzərində quaşla rəngləyiblər. Rəngli kağızlardan qəddar və təkəbbürlü Siçanlar kralı obrazında əlfəcin düzəldib, plastilindən “Şelkunçik”in kiçik fiqurunu yaradıblar.

Bakı Xoreoqrafiya Akademiyasından dəvət olunmuş xoreoqraf İnara Zeynalova uşaqlara ilkin balet elementlərini aşılayıb. Tədbirin əyləncəli hissəsi – nağılvarı viktorina və kvestdə iştirak edən uşaqlar “Şelkunçik” nağılına həsr olunmuş kölgə tamaşasını böyük maraqla izləyiblər.

azertag.az