“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Gürcüstan-Azərbaycan ədəbi, ictimai-mədəni, elmi, dostluq əlaqələrinin inkişafına, o cümlədən multikulturalizm dəyərlərinə həsr olunan “dəyirmi masa” keçirilib.
Mərkəzdən verilən məlumata görə, tədbirdə iki ölkə arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olduğu qeyd edilib.
Mərkəzin layihə rəhbəri Mirisrafil Sabir Həsənov bildirib ki, cəmiyyətdə kitaba marağın yüksəldilməsi üçün mərkəzdə ciddi layihələr həyata keçirilir: “Belə bir tədbirin “Azərkitab”da reallaşması təsadüfi deyil. Kitab mədəniyyəti ocağına çevrilən mərkəzdə tanınan yazıçılarla, görkəmli elm və mədəniyyət xadimləri ilə görüşlər təşkil edilir”.
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin bölmə müdiri Qafar Əliyev iki ölkənin ədəbi, mədəni və dostluq münasibətlərindən danışaraq qeyd edib ki, bu əlaqələrin tarixi kökləri var və heç bir qüvvə bu əlaqələrin inkişafına mane ola bilməz. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizlə Gürcüstan arasında bütün sahələrdə əlaqələrin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Dəyirmi masa”da müzakirə oluna dəyərlərin müasirlərimiz tərəfindən də qorunduğu və bu dəyərlərə hörmətlə yanaşıldığı xüsusi qeyd olunub. Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, hüquq elmləri doktoru Şirxan Adıgözəlovun ”Multikulturalizm: Beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kitabının gürcü dilinə tərcüməsi iki xalq arasında kitab mədəniyyətinin bariz nümunəsi kimi dəyərləndirilib.
Milli Məclisin deputatı, professor Elman Nəsirli bildirib ki, Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Gürcülərin multikulturalizm fenomeninə beynəlxalq təcrübə və Azərbaycan reallıqları kontekstində qiymət verməsi sevindiricidir.
Şirxan Adıgözəlov kitabının qısa zamanda gürcü dilinə tərcüməsinin iki ölkə arasında mədəni əlaqənin yüksək səviyyədə olduğundan irəli gəldiyini diqqətə çatdırıb. Bildirib ki, beynəlxalq aləmdə etimadsızlıq mühiti formalaşmaqda, irqçilik, millətçilik, ksenofobiya genişlənməkdə, az qala həyat tərzinə çevrilməkdə olduğu bir vaxtda Azərbaycanda multikulturalizm, dinlərarası və mədəniyyətlərarası dialoq, tolerantlıq və harmonik etnik müxtəlifliyin özünəməxsus birgəyaşayış modeli formalaşıb. Dünya, o cümlədən gürcülər bu modeli öyrənməkdədir.
Tədbirdə çıxış edən Gürcüstan Beynəlxalq Münasibətlər və Siyasi Elmlər Akademiyasının prezidenti Semvoy Kupadze bildirib ki, Azərbaycan Gürcüstan üçün nəinki böyük layihələr, neft və qaz, eləcə də nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən mədəniyyət, elm və fərdlər arasında münasibətlər baxımından olduqca vacib ölkədir. Bu gün münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu da digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq əlaqələrimizin hərtərəfli inkişafına imkan yaradır.
Ş.Adıgözəlovun tədqiqat əsərini yüksək dəyərləndirən natiq kitabın araşdırmaçılar üçün bu sahədə qiymətli mənbə olduğunu qeyd edib.
azertag.az