Ankarada tanınmış azərbaycanlı xormeyster, Əməkdar Artist Elnarə Kərimovanın Türkiyədəki yaradıcılıq fəaliyyətinin 25 illiyi münasibətilə konsert təşkil edilib. Türkiyənin Prezident Administrasiyası Simfonik Orkestr salonunda keçirilən tədbir yerli musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Elnarə Kərimova 25 ildir TRT-nin Ankara radiosunun xoruna rəhbərlik edir. O, uzun illər Bilkənt və Hacettepe universitetlərində pedaqoji fəaliyyətlə də məşğul olub. Tanınmış xormeyster 1999-cu ildən bədii rəhbəri və baş dirijoru olduğu “Orfeon” kamera xoru ilə bir sıra nüfuzlu beynəlxalq müsabiqənin qalibi və laureatı olub.
E.Kərimovanın Türkiyədəki yaradıcılıq fəaliyyətinin 25 illiyinə həsr edilmiş tədbir bir növ görkəmli incəsənət xadiminin bu günə qədər əldə etdiyi uğurların hesabatının mahiyyətini əks etdirib. Konsertin zəngin və rəngarəng proqramı isə Elnarə Kərimova sənətinin sərhədlərinin genişliyini nümayiş etdirə bilib.
TRT-nin Ankara radiosunun xoru, qurumun İstanbul estrada və caz orkestri, eləcə də tanınmış solistlərin çıxış etdiyi konsert zamanı Azərbaycan, Türkiyə, həmçinin digər ölkələrin tanınmış bəstəkarlarının əsərləri, estrada və opera musiqisi, xalq mahnıları səsləndirilib.
Qara Qarayevin “İldırımlı yollarla” baletindən parçalar, Antonio Vivaldinin məşhur “Qloria” əsəri, Türkiyənin Qara dəniz bölgəsinin dillər əzbəri olan xalq mahnıları və “Şeyx Şamil” rəqsinin bu konsert üçün xüsusi olaraq aranjeman edilmiş estrada versiyası Elnarə Kərimovanın mahir dirijorluğu ilə müxtəlif mədəniyyətlərin nümayəndələrinin zövqlə dinləyə biləcəyi vahid bir əsərə çevrildi.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi, professor Düsen Kaseinov və digər rəsmi şəxslər də tamaşaçılar arasında olublar.
azertag.az