Bu il ən azı 100 min hektar suvarılmayan torpaqlara su verilməlidir. Beləliklə, biz 2017-2018-ci illərdə 200 mindən çox hektara suyun təminatını təşkil edəcəyik.
Bunu Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində deyib.
Bir neçə önəmli kanal layihələrinin icra ediləcəyini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, bunun üçün Dövlət İnvestisiya Proqramında kifayət qədər vəsait nəzərdə tutulur. “Dövlət İnvestisiya Proqramında bu məsələ ilə bağlı olan bütün layihələr ilin sonuna qədər icra edilməlidir. Meliorativ tədbirlərin yaxşılaşdırılması və sudan səmərəli istifadə edilməsi üçün pivot suvarma sistemlərinin geniş tətbiqi təmin olunmalıdır. Bu məqsədlə ölkəmizdə pivot qurğularının istehsalı təşkil olunur ki, artıq xaricə vəsait getməsinin qarşısını alaq və özümüzü bu qurğularla özümüz təmin edək. Fermer təsərrüfatlarında, xüsusilə böyük aqroparklarda bu sistemlərdən mütləq istifadə olunmalıdır. Çünki bu, məhsuldarlığı böyük dərəcədə artırır və sudan səmərəli istifadə olunmasına imkan yaradır”, - deyə dövlətimizin başçısı qeyd edib.
azertag.az