Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi müəyyən ölçülər götürərək müxtəlif mehmanxana rəhbərləri ilə müzakirələr aparıb. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazirin sözlərinə görə, müzakirələrin nəticəsi olaraq bu il ümumi daxili turizmdə keçən ilə nisbətən təxminən 15-17% civarında endirim olacaq: “Baxmayaraq ki, yerlər kifayət qədər məhduddur, yerlərin tapılması müəyyən problemə çevrilib, amma normal qiymətlərin saxlanmasına nəzarət etməliyik. Gözləyirik ki, bu il xidmətlərin keyfiyyəti daha yüksək olacaq. Artıq Turizm Kollecinin birinci məzunları da buraxıldı. Bundan başqa, yerlərdə kurslar təşkil olundu. Bu proses hələ davam edəcək”.
Ə.Qarayev “AZAL”ın ölkədaxili aviareyslərə yeni güzəştli tariflər tətbiq etməsini yüksək qiymətləndirib. Nazir hesab edir ki, bu addım “Turizm ili”nə və daxili turizmin inkişafına verilən layiqli töhfədir: “Ümid edirik ki, bu addım daxili turistlərin artmasına daha da yardım edəcək. Xarici səfərlərə gəldikdə, bu, beynəlxalq nəqliyyat qanunlarına uyğun tənzimlənir. Amma məndə olan məlumata görə, Azərbaycana gələn və buradan müxtəlif istiqamətlərə gedən reyslərdə sərnişinlərin sayı artıb. Bilmirəm, yeni qiymətlər buna nə dərəcədə təsir edəcək. Hər halda, əgər əvvəlki qiymətə biletləri alırlarsa, deməli, indi də alacaqlar”.