Azərbaycanın əsrlər boyu toplanmış zəngin ənənələri sırasında xalq sənəti növləri mühüm yer tutur. Ölkənin hər şəhər və regionu bu və ya digər peşənin, dekorativ-tətbiqi sənət növlərinin inkişafı ilə seçilir. Onların sırasında dulusçuluq, həsirtoxuma, səbəttoxuma, naxışlı sandıq düzəltmə, tikmə və s. qədim sənətlərdir. Bu sənətlər Azərbaycanın regionlarında nəinki unudulmur, hətta xalq sənətkarları tərəfindən inkişaf etdirilir.
Dulusçuluq
Yer üzündə insanın istifadə etdiyi ilk materiallardan biri gil olub. Artıq bir neçə min ildir ki, bu sənət insana xidmət edir və həyatın müxtəlif sahələrində geniş yayılıb. Azərbaycanda qədim zamanlardan başlayaraq yemək bişirmək və saxlamaq üçün gil qab və digər məmulatlar istehsal olunub və bu sənət sahəsi indi də inkişaf edir. Qafqaz Albaniyasının qədim şəhərləri olmuş Qəbələ və Şəmkir ərazilərində aparılan qazıntılar zamanı yaxşı təchiz edilmiş dulusçuluq emalatxanaları tapılıb. Bu gün də bir neçə regionda dulusçuluq mərkəzləri fəaliyyət göstərir, əl işi olan saxsı qablar düzəldilir.
Dulusçuluq ənənələrinə həssaslıqla yanaşılan emalatxanalardan biri Masallı rayonunun Ərkivan kəndində Cəsarət Nuriyevin ailə müəssisidir. Burada müxtəlif ev əşyaları – qab-qacaq, piti qabları, dibçəklər, kerosin lampaları, dekorativ məmulatlar, “qədimyana” amforalar və s. düzəldilir. Usta standart formalarla yanaşı, müştərinin orijinal eskizləri əsasında sifarişlə də işləyir, habelə kataloqlardakı qədimi təsvirlər üzrə yeni saxsı məmulatlar hazırlayır. “Odnoklassiki” sosial şəbəkəsinin axtarış bölməsində Cəsarət Nuriyev yazmaqla onun işləri ilə ətraflı tanış olmaq mümkündür.
Sənətkar nəslindən olan ustanın sözlərinə görə, bir məmulatın istehsalına 20 gündən iki ayadək vaxt sərf olunur, çünki bütün istehsal prosesi dulusçu dəzgahından və bişirmə sobasından istifadə edilməklə ənənəvi üsullarla aparılır. Bir məmulatı qurutmaq təxminən 20 gün çəkir ki, bundan sonra o, sobada 1000 dərəcə temperaturda bişirilməlidir.
Təəccüblü deyil ki, bu cür ənənəvi yolla hazırlanan yüksək estetik dəyərə malik dulusçu məmulatları ekoloji cəhətdən təhlükəsizliyi ilə seçilir. Onlara nəinki Masallı əhalisi, rayona gələn turistlər arasında da böyük tələbat duyulur.
Naxışlı sandıqlar
Masallıda daha bir ənənəvi sənət növü sandıq düzəldilməsidir. Keçmişdə gəlinə verilən əsas cehizlərdən biri sandıq olub. Qızlar digər cehizlərini sandıqlarda aparıblar. Bir çox rayonlarda bu adət indi də davam edir.
Hazırda bütün cənub regionunda yalnız Masallının Ərkivan kəndində iki-üç nəfər sandıq hazırlayır. Məşhur ustalardan biri Şərafət Əzizovdur. Onun ata-babası da bu sənətlə məşğul olub. Usta Şərafət indi öz sənətini oğlu Seyfəddinə öyrədir.
Sandıqlar bir qayda olaraq elastik sərv ağacından hazırlanır. Usta gün ərzində orta hesabla 1-2 standart sandıq düzəldir. Sandıqların ölçüləri fərqlidir. Ən balacası 20x12 santimetr, ən böyüyü 100x50 santimetr ölçüdə olur. Ən çox satılan standart sandıqlardır (80x40 santimetr). Sandıqların əksəriyyəti qırmızı çalarlardan ibarət ənənəvi naxışlarla bəzədilir. Lakin müştərilərin arzusuna görə, usta sandığı daha orijinal tərzdə düzəldə bilər. Biz emalatxanada müəyyən dizayner əlavələri edilmiş sandıqlar da gördük.
Ş.Əzizov deyir ki, sandıqlar turistlərdə böyük maraq oyadır. Almaniya, İngiltərə, Pakistan və digər ölkələrdən gələn turistlər ondan sandıq alıblar.
Tikmə sənəti təkəlduz
Qədim Şəki şəhəri məxmər, mahud, tumac üstündə nəfis nəbati naxışların işləndiyi tikmə sənəti təkəlduzun mərkəzi olub və olmaqdadır. Vaxtilə Şəkiyə səyahət etmiş ata-Dümanın təkəlduzla bağlı belə bir qeydi var: “24 rubla iki naxışlı yəhər aldım. Fransada onları hətta 2 min franka ala bilməzsən, daha doğrusu, heç bir qiymətə tapa bilməzsən”. XIX əsrin ortalarında təkəlduz tikmələr təkcə Azərbaycanda və Qafqazda deyil, həm də bölgənin hüdudlarından kənarda yaxşı satılırdı.
Tikmədə əsas material tünd rənglərdə - göy, qara və qırmızı rənglərdə məxmər parçalardır. Bəzən bir məmulat 3-4 aya başa gəlir. Tikmədə ipək saplardan istifadə edilir. Naxışlar zəngin rəngi və kompozisiyası ilə seçilən çiçək və quş motivləridir. Hazırda tikmə ilə əsasən çantalar, yastıqüzləri və süfrələr bəzədilir.
Maraqlıdır ki, XIX əsrin sonunda Şəkidə xüsusi tikmə emalatxanalarında yalnız kişilər işləyirdi. Bu gün isə təkəlduzla əsasən qadınlar məşğul olur.
Yeri gəlmişkən, dekorativ-tətbiqi sənətin çoxəsrlik tarixini, sənətkarların ustalığını əks etdirən Azərbaycan tikmələrinin kolleksiyası ilə Şəki xalq tətbiqi sənəti muzeyində tanış olmaq mümkündür.
Qamış məmulatlar
Biz daha bir qədim sənətin qorunub saxlanıldığı Masallıya yenidən qayıdırıq. İnsanlar hələ min illər əvvəl qamışdan həsir, səbət, şlyapa və s. toxuyurdular. Azərbaycanda, xüsusən cənub regionunda qamış məmulatlar toxunması geniş yayılmışdı. Hazırda sənətkarlığın bu növü (yerli dialektdə “pizə”) yalnız Musaküçə kəndində qalıb. Kənddə 40-50 nəfər bu işlə məşğuldur.
Bu zəhmətli iş təkcə bacarıq deyil, cəsarət də tələb edir. Qamışı əsasən qadınlar tədarük edirlər. Onlar yaz və yay mövsümlərində bataqlıq yerlərdə və dənizin sahilində qamış toplayırlar. Bu yerlərdə ilan çox olduğundan qamışyığanlar təhlükəsizlik tədbirləri görürlər.
Yarpaqları təmizlənən qamışı 2-3 gün qurudurlar. Sonra onlardan xüsusi dəzgahda payəndaz, həsir və səbət toxuyurlar. Qadın sənətkarlar gün ərzində 3-4 həsir toxuya bilir. Həsirlərin standart ölçüsü 1,1x4 metrdir, amma 5-7 metr uzunluğunda həsirlər də olur. Deyilənə görə, nəm keçirməyən bu həsirlərdən 2-3 il istifadə etmək mümkündür. Həsirləri adətən evin kandarına və otaqlara döşəyir, yaxud onlardan istirahət zonalarında dekorasiya kimi istifadə edirlər.
Qamışdan hazırlanan məmulatlara Masallının bir çox bazarlarında rast gəlmək olar. Məsələn, Boradigah kəndində hər bazar günü ənənəvi yarmarka açılır və burada qamışdan toxunmuş məmulatlar satılır. Bu yerlərdə olarkən həmin bazara mütləq baş çəkin.
azertag.az