Görkəmli şair və publisist Səməd Mənsurun anadan olmasından 139 il ötür
Bu gün görkəmli şair və publisist Səməd Mənsurun anadan olmasının 139-cu ildönümü tamam olur.
Şairin üç mərhələdən ibarət yaradıcılığı bütün zamanlarda öz aktuallığı ilə seçilir.
Səməd Hacı Əhməd oğlu Kazımov Bakıda doğulub. O, rus-müsəlman məktəbində təhsil alıb, rus, ərəb və fars dillərini mükəmməl bilib. Bir müddət Bakıda “Səfa” Mədəni-Maarif Cəmiyyətinin məktəbində müəllim işləyib.
Klassik ədəbiyyatın bilicilərindən olan Səməd Kazımov “Bəsirət”, “İqbal”, “Tuti”, “Molla Nəsrəddin” və digər mətbuat orqanlarında “Mənsur”, “Səməd Mənsur” təxəllüsü ilə şeirlər yazıb. Onun şairlik fəaliyyəti satirik və lirik istiqamətdə olub. Yaradıcılığının birinci dövründə, yəni 1918-ci ilin əvvəlinə qədər şair klassik şeirlərlə yanaşı, əsasən, satirik əsərlər yazıb, ictimai bəlaları tənqid edib.
Satiralarından birində yoxsulluq səbəbindən həkimə gedə bilməyən xəstələrin şikayətini onların dilindən qələmə alıb:
Nə cibimdə parə, nə evdə çörək var, ey həkim!
Nəbzimi bihudə sıxma, çəkmə azar, ey həkim!
Səməd Mənsur yaradıcılığının ikinci dövrü 1918-1920-ci illərə təsadüf edir. Şair Azərbaycan Xalq Cümhuriyyəti dövründə daha məhsuldar işləyib. Bu dövrdə “Zənbur” və “Şeypur” satirik jurnallarının ərsəyə gəlməsində onun daha çox əməyi olub.
Poeziyamızın qızıl fonduna daxil edilən “Naz et”, “Sən mənim olsan”, “Həpsi rəngdir” və digər əsərlərini yazıb. Ona daha çox şöhrət qazandıran “Həpsi rəngdir” müxəmməsidir. Yaşadığı mühitdə riyakarlar, məsləksizlər arasında sənətkar sanki üsyan qaldırır, “Tapmadım aləmdə bir həmdəm ki, olsun biriya” deyə fəryad edirdi:
Nəfsi uğrunda görürsə hər bəla, hər macəra,
“Məslək”ə isnad edər, məslək, dəyanət rəngdir.
Milli azadlıq, milli mənlik, ana dili məsələləri Səməd Mənsurun yaradıcılığının ana xəttini təşkil edir. Ədib “Şeypur”da dərc etdirdiyi “Ziyalılarımız” sərlövhəli silsilə felyetonlarından birində ana dilini bəyənməyən “ziyalıları” “ruslaşdırma” siyasətindən uzaq olmağa çağırıb: “...İndi mənə deyirlər ki, hökumət müsəlmandır, gərək uşaqlar türk dili danışsınlar. Canım, sən özün yaxşı görürsən ki, burada türk dili bilən biçarələri heç qapıdan içəri qoymurlar ki, gedib dərdlərini öz köhnə ağalarına ərz eləsinlər. Sən özün görürsən ki, tamam böyüklərimiz də hələ sənin uşaqların kimi vaspitannıy adamlardı. Ağızlarının əyilməyindən qorxub, türk dili öyrənməyiblər”.
Şairin yaradıcılığının üçüncü - sonuncu dövrü 1920-1926-cı illəri əhatə edir. Bu dövrdə daha çox pyeslər (“Maarif”, “Cinayət”, “Dərviş” və digər əsərləri) yazmağa üstünlük verib.
Səməd Mənsurun milli teatr tariximizdə də özünəməxsus yeri var.
“Səfa” Cəmiyyətinin teatr bölməsinin rəhbərlərindən biri olan Səməd Mənsur truppanın aktyor heyətinin təkmilləşməsində, repertuar siyasətinin formalaşmasında mühüm işlər görüb. O, “Nicat” Cəmiyyətinin truppasında, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti” teatr dəstəsinin tamaşalarında da müxtəlif xarakterli obrazlar yaradıb.
1920-ci ildən sonra baş verən siyasi hadisələr, milli azadlığın, müstəqilliyin boğulması şairə olduqca pis təsir edib. Xalqına edilən zülm, təhqir onun mənəvi və ruhi sarsıntılarına səbəb olub. Dövrün haqsızlıqlarına, bəzi insanların məsləksizliyinə dözə bilməyən Səməd Mənsur 1927-ci ildə vəfat edib.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra görkəmli maarifçi, şair və publisist Səməd Mənsurun da xatirəsinin əbədiləşdirilməsi istiqamətində xeyli işlər görülüb. Onun əsərləri latın qrafikasında çap edilib, Suraxanı rayonunda xatirə lövhəsi açılıb.
azertag.az