Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəylinin 70 illiyi münasibətilə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli musiqiçinin yubiley konserti olub.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova yubilyarın həyat və yaradıcılığından söz açıb. Qeyd edilib ki, Fərhad Bədəlbəyli soykökü və fəaliyyətinin əsas mərkəzi Qarabağla sıx bağlı olan böyük yaradıcı nəslin davamçısıdır. Ötən əsrlərdə Cənubi Qafqazın musiqi və mədəniyyət diyarı olan Qarabağ və onun Şuşa şəhəri Azərbaycan incəsənəti və musiqisi tarixində silinməz iz qoymuş görkəmli şəxsiyyətlər yetirib. Onların sırasında Bədəlbəyli nəsli önəmli yer tutur. L.Qasımova bildirib ki, Fərhad Bədəlbəylinin babası Bədəl bəy görkəmli pedaqoq və maarifçi, əmisi Əfrasiyab Bədəlbəyli bəstəkar və dirijor, atası Şəmsi Bədəlbəyli isə tanınmış rejissor və aktyor olub. Belə bir yaradıcı mühitdə dünyaya göz açan Fərhad Bədəlbəyli də həyatını musiqi aləmi ilə sıx bağlayıb. Hələ gənc yaşlarından beynəlxalq musiqi festivallarında uğurla çıxış edən Fərhad Bədəlbəyli ifaçılıqla yanaşı, bir çox musiqi əsərləri də bəstələyib. 1991-ci ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rektorluq edən, eləcə də pedaqoji fəaliyyətlə məşğul olan görkəmli musiqiçi Azərbaycanın mədəni-ictimai həyatında xüsusi çəkiyə malik şəxsiyyətdir. Qəbələ Beynəlxalq Musiqi Festivalının dünya miqyasında tanınan mədəni tədbirə çevrilməsində Fərhad Bədəlbəylinin xidməti böyükdür.
Sonra yubilyar Fərhad Bədəlbəyli M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadə ilə eyni səhnəni bölüşüb. “İki fortepiano və orkestr üçün konsert”də musiqiçiləri Vyana Kamera Orkestri müşayiət edib. Həmçinin İ.S.Baxın “İki fortepiano üçün konsert” və S.Raxmaninovun “İki fortepiano üçün 2 nömrəli süita” əsərləri ifa edilib. Tamaşaçıların sürəkli alqışları ilə keçən konsertdə Fərhad Bədəlbəylinin “Dəniz” və Tofiq Quliyevin “Qaytağı” əsərləri də səsləndirilib.
azertag.az