Dünən Rusiyanın paytaxtında Müslüm Maqomayevin anım mərasimi keçirilib. Məşhur sənətkarın vəfatının ildönümü ilə əlaqədar keçirilən anım tədbiri Müslüm Maqomayevin abidəsinin önündə təşkil olunub. Tədbirdə M. Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya, onun yaxın dostları Araz və Emin Ağalarovlar, Azərbaycanın xalq rəssamı Tahir Salahov, Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti Məmməd Hüseynov, tibb elmləri doktoru Leonid Roşal, opera müğənnisi Yelena Obraztsova və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də 66 yaşında Moskvada vəfat edib. Görkəmli sənətkarın cənazəsi vətəni Azərbaycana gətirilib və Fəxri Xiyabanda, babası Müslüm Maqomayevin yanında dəfn olunub.