“Günəş sisteminin planetləri” kitabı ictimaiyyətə təqdim olunub
1.2.2018

Yanvarın 31-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Bakı bölməsində “Günəş sisteminin planetləri” kitabının təqdimatı olub.

ŞAR-dan bildirilib ki, nəşrin müəllifi rəsədxananın planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayidir.

Tədbirdə ŞAR-ın direktorunun elmi işlər üzrə müavini Elçin Babayev kitab haqqında məlumat verib. Vurğulanıb ki, nəşrdə Mars planetinin öyrənilməsində əvəzsiz rolu olmuş Nadir İbrahimovun apardığı elmi tədqiqat işlərinə geniş yer verilib.

Kitab barədə məruzə ilə çıxış edən Ə.Ətayi bildirib ki, Latviyada çapdan çıxan bu nəşrdə ŞAR-da planetlərin atmosferinin tədqiqi zamanı alınan mühüm elmi nəticələrdən bəhs olunur. Diqqətə çatdırılıb ki, N.İbrahimovun Marsın inteqral spektrofotometrik və yüksək dispersiyalı spektral tədqiqatlarının nəticələri, ilk dəfə bu planetin ən böyük miqyaslı təsvirinin alınması, həmçinin Veneranın qaranlıq tərəfində şüalanma xətlərinin müşahidəsi, onun atmosferində dərin qatların görünməsi və digər tədqiqatların nəticələri planetin kosmik aparatlarla öyrənilməsi zamanı təsdiqlənib. Ə.Ətayi deyib: “Yupiter və Saturnun spektrlərində udulma zolaqlarının incə quruluşunun tədqiqi onların atmosferinin kimyəvi tərkibinin dəqiqləşməsi və fiziki şəraitin aydınlaşmasına kömək etdi. ŞAR-ın ikimetrlik reflektorunda əldə edilən müşahidə nəticələri mövcud elmi biliklər əsasında nəzəri olaraq izahını tapıb. Uran və Neptun planetlərinin spektrlərində eyniləşdirilməmiş yeni udulma zolaqları aşkarlanıb və sadə atmosfer modelləri çərçivəsində müşahidə nəticələrini izah etməyin mümkünlüyü sübut olunub”.

Müəllif dörd ilə yaxın müddətdə yazılan kitabın ərsəyə gəlməsində böyük rolu olmuş ŞAR-ın rəhbərliyinə, şöbə əməkdaşlarına, Qazaxıstan Astrofizika Rəsədxanasının əməkdaşı V.Vdoviçenkoya, AMEA Fizika İnstitutunun əməkdaşı E.Yüzbaşova minnətdarlığını bildirib.

Fizika-riyaziyyat elmləri doktoru Sabir Məmmədov, fizika-riyaziyyat üzrə fəlsəfə doktorları İzzət Salmanov, Bəhram Quluzadə və digər çıxışçılar N.İbrahimovla bağlı xatirələrini bölüşüblər.

Sonda N.İbrahimovun bacısı Şəkər İbrahimova kitabın ərsəyə gəlməsində rolu olan bütün əməkdaşlara və nəşrin müəllifinə ailəsi adından minnətdarlığını bildirib.

azertag.az