Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi gənc alim və mütəxəssislərin dördüncü xüsusi – “Mənim ilk qrantım” müsabiqəsi üzrə qalib layihələrin rəhbərləri ilə təqdimat xarakterli görüş keçirilib.
EİF-in icraçı direktoru Elçin Babayev görüşün 2 fevral - Gənclər Günü ərəfəsində keçirilməsinin xüsusi önəm daşıdığını, ölkədə gənclər siyasətinin dövlətin əsas prioritetlərindən biri olduğunu söyləyib. Bildirilib ki, fond mütəmadi olaraq 35 yaşadək gənc alim və mütəxəssislər üçün qrant müsabiqələri keçirir, bu ənənə müxtəlif formatlarda bu gün də davam etdirilir. Gənc alim və mütəxəssislərin fondun qrantları vasitəsilə dəstəklənməsi ölkədə kadr potensialının artırılması işinə xüsusi töhfə sayıla bilər. Fond fəal çalışan gənc alimlər haqqında məlumat bazasının yaradılması üzrə işləri də yerinə yetirir. Ölkənin gənc alimləri adıçəkilən xüsusi müsabiqələrdə iştirakla yanaşı, EİF-in digər müsabiqələrində də layihə üzrə yaradıcı kollektivlərin tərkibində elmi-tədqiqat işlərinin yerinə yetirilməsində fəallıq göstərirlər.
E.Babayev qeyd edib ki, gənc alim və mütəxəssislərin birinci qrant müsabiqəsi çərçivəsində 25, ikinci müsabiqə üzrə 25 və üçüncü müsabiqə çərçivəsində 24 layihə qalib elan olunub, ötən illər ərzində bu layihələr uğurla yerinə yetirilib.
Gənc alim və mütəxəssislərin “Mənim ilk qrantım” adlanan dördüncü birgə qrant müsabiqəsi isə Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi tərəfindən birgə təşkil olunub. Müsabiqə ölkədə elmin inkişaf prioritetlərinə uyğun olaraq, EİF və nazirlik arasında formalaşmış əməkdaşlıq, bu qurumların ötən il mayın 22-də imzaladığı Protokolun müddəaları nəzərə alınmaqla keçirilib. 2017-ci il mayın 25-də elan edilən müsabiqəyə bütün elm sahələri və qrant növləri üzrə 34 layihə daxil olub. Müsabiqənin nəticələri isə bu il yanvarın 16-da açıqlanıb. “Mənim ilk qrantım” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi altı yüz min (600.000) manat olmaqla 19 qalib layihə müəyyənləşdirilib.
Gənc alim və mütəxəssislərin dördüncü qrant müsabiqəsi üzrə qalib layihələr AMEA-nın Fizika, Riyaziyyat və Mexanika, Radiasiya Problemləri, Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası, Geologiya və Geofizika, Neft və Qaz, Molekulyar Biologiya və Biotexnologiyalar, Ədəbiyyat institutlarında, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Bakı Slavyan Universitetində, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında, “Gənclər Turizmi” İctimai Birliyində və “Azərbaycan Elm Assosiasiyası”nda yerinə yetiriləcək.
Qalib layihələrdən 17-si fundamental-tətbiqi xarakterlidir. İki layihə üzrə isə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilmiş “Neft və geoekologiya” mövzusunda birinci beynəlxalq məktəb-seminar, gənc alim və mütəxəssislərin “Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu” mövzusunda beynəlxalq konfransı keçiriləcək. Fizika-riyaziyyat və texnika elmləri üzrə üç layihə, Yer haqqında elmlər üzrə üç layihə, Kimya elmləri üzrə dörd layihə, Biologiya, tibb və aqrar elmləri üzrə üç layihə, Humanitar və ictimai elmlər üzrə isə altı layihə qalib olub. Qalib layihə rəhbərlərindən 14-ü qadın, beşi kişidir.
Digər çıxış edənlər də müsabiqənin uğurlu nəticələrindən danışıb, EİF-in fəaliyyətini yüksək dəyərləndiriblər.
azertag.az