Bakının Nizami rayonunda yeni yeraltı piyada keçidi istismara verilib. Nəqliyyat Nazirliyinin "Azəryolservis" QSC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, keçid Qara Qarayev prospektində, Heydər Əliyev Parkının qarşısında yerləşir. Onun sözlərinə görə, keçidin uzunluğu 45 metr, eni 12 metr, hündürlüyü isə 3 metrdir: “Keçidin tikintisinə Nəqliyyat Nazirliyinin sifarişi ilə 2012-ci ilin fevralında başlanılıb. Keçidin divarları və döşəməsi cilalanmış mərmərlə üzlənib. Keçidin pilləkanlarının döşənməsi zamanı sürüşmənin qarşısını almaq üçün yandırılmış mərmərdən istifadə edilib”.
P. Mürsəliyev bildirib ki, keçiddə, həmçinin əlilliyi olan insanların qalxması və enməsi üçün xüsusi yerlər mövcuddur: “Yağış və qrunt suları ilə mübarizə aparmaq üçün drenaj sistemi və nasos bölməsi yaradılıb. Keçid müasir işıqlandırma sistemi ilə təchiz edilib”.
ANS PRESS