Dünya İrsi Şəhərləri Təşkilatı Direktorlar Şurasının növbəti iclası Bakıda keçiriləcək.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, qurum tərəfindən təşkil ediləcək iclas oktyabrın 23-24-də reallaşacaq.
Qeyd edək ki, Dünya İrsi Şəhərləri Təşkilatı ilə əməkdaşlıq çərçivəsində təşkilatın ötən il oktyabrın 31-dən noyabrın 3-dək Koreya Respublikasının Gyeongju şəhərində keçirilmiş 14-cü Ümumdünya Konqresi və Baş Assambleyasının iclasında idarə heyətinin sədri Əsgər Ələkbərov iştirak edib. Qoruq İdarəsi səkkiz şəhərin merindən ibarət Direktorlar Şurasının iclasının Bakıda keçirilməsi üçün namizədliyini irəli sürmüş və təklif müsbət qarşılanmışdır. Direktorlar Şurasının iclası üzv şəhərlərə öz mədəni və tarixi irsini tanıtmaq üçün yaxşı imkanlar verir.
Xatırladaq ki, abidələri UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan 300 şəhərdən ibarət Dünya İrsi Şəhərləri Təşkilatı 1993-cü ildə Mərakeşdə yaradılıb. Əsas məqsədi Dünya İrsi Konvensiyasının tətbiqi, əməkdaşlığa təşviq etmək, konservasiya və mühafizə məsələləri ilə bağlı təcrübə və informasiya mübadiləsi, eyni zamanda, üzv şəhərlər arasında həmrəylik hissini yaratmaq olan təşkilatın baş qərargahı Kvebek şəhərində yerləşir.
azertag.az