İnklüziv “ƏSA” Teatrında növbəti tamaşa hazırlanır
5.2.2018

Əlilliyi olan aktyorlardan ibarət ölkənin ilk inklüziv teatrı olan “ƏSA” Teatrı çoxdandır gözlənilən “Adamlar və siçanlar - 2” tamaşasının nümayişini həyata keçirəcək.

Amerikalı yazıçı, Nobel və Pulitzer mükafatı laureatı Con Steynbekin “Siçanlar və insanlar haqqında” povesti əsasında hazırlanan tamaşanın nümayişi fevralın 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində baş tutacaq.

Səhnə əsəri insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır. İlk nümayişdən sonra rəğbətlə qarşılanan tamaşa bu dəfə tamaşaçıların görüşünə fərqli quruluşda gələcək.

Tamaşanın quruluşçu rejissoru və bəstəkarı Nihad Qulamzadə, rejissoru Elşən Əsgərov, baş prodüseri və səhnə tərtibatçısı Nicat Qulam, işıq rəssamı Bünyamin Sailov, konsertmeysteri Fidan Babayeva və Elçin Hətəmli, qrafik dizayneri Tural Əlisoy, multimedia tərtibatçısı Eltaj Zeynalov, surdo (işarət dili) tərcüməçisi isə Nuranə Abıyevadır.

Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Riad Sultanov, Sənan Fərzəliyev, İmran Lalayev, Günay Məmmədova, Fərid Əliyev, Asim Səfərov və Patti Smith canlandıracaq.

Tamaşa, həmçinin nitq məhdudiyyətli tamaşaçılar üçün işarət dili ilə sinxron tərcümə olunacaq.

azertag.az