Fevralın 3-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında gənc ədiblərlə görüş keçirilib.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ənənəvi olaraq keçirilən “Gəncliyin səsi” festivalı çərçivəsində reallaşıb.
Tədbirdə gənc şairlər Elşad Ərşadoğlu və Şahanə Müşfiq çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.
Vurğulanıb ki, ölkəmizdə digər sahələrdə olduğu kimi, ədəbiyyat sahəsində də yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi, istedadlı gənclərin beynəlxalq müsabiqələrdə, konfrans-seminarlarda iştirakının təmin edilməsi dövlətimiz tərəfindən dəstəklənir, bu istiqamətdə Dövlət proqramları həyata keçirilir.
Bildirilib ki, “Gəncliyin səsi” festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır. Gənc şairlər, cəmiyyətimizin bütün sahələrində aparıcı qüvvəyə çevrilən istedadlı Azərbaycan gənclərinin ədəbiyyat aləmində də bir sıra uğurlar qazandığını diqqətə çatdırıblar.
Çıxış edən digər natiqlər yetişməkdə olan istedadlı gənc ədiblərə dəstək göstərilməsinin hər zaman diqqətdə saxlanılmasının vacibliyindən söz açıblar.
Sonra gənc şairlər şeirlərini səsləndiriblər.
azertag.az