Fənn olimpiadalarının birinci mərhələsində 33 mindən çox şagird iştirak edib
5.2.2018

Ölkəmizin bütün şəhər və rayonlarında respublika fənn olimpiadalarının birinci mərhələsi keçirilib.

Təhsil Nazirliyindən bildiriblər ki, bilik yarışında 33 mindən çox şagird iştirak edib. Bakı şəhərində 14 müxtəlif mərkəzdə keçirilən olimpiadaya 6 mindən çox, Naxçıvan Muxtar Respublikasından isə 700-dək şagird qatılıb.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə IX, X və XI sinif şagirdlərinin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7 və 8-ci sinif şagirdləri də öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Olimpiadanın rayon (şəhər) mərhələsində şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib.

Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən yüksək nəticə göstərən şagirdlər mart ayında təşkil ediləcək olimpiadanın respublika mərhələsinin yarımfinal turunda iştirak edəcəklər. Fənn olimpiadaları rayon (şəhər) və respublika mərhələsi olmaqla iki mərhələdən, respublika mərhələsi isə öz növbəsində yarımfinal və final tur olmaqla iki mərhələdən ibarətdir.

azertag.az