Avropa çempionatı: Azərbaycan yığması Rusiyaya rəqib olmaq üçün bu gün Portuqaliyanı yenməlidir
6.2.2018

Bu gün futzal üzrə Azərbaycan milli komandası Sloveniyadanın paytaxtı Lyublyanadakı Avropa çempionatında 1/4 final görüşünə çıxacaq.

Rəqib Portuqaliya yığması olacaq.

Bu komandalar tarixlərində 12-ci dəfə üz-üzə gələcək. Əvvəlki 11 qarşılaşmadan 8-də Portuqaliya qalib gəlib, 3-də isə heç-heçə qeydə alınıb. Azərbaycan millisinə ən yaxşı nəticələr göstərdiyi vaxtlarda - 2010-cu il Avropa çempionatının yarımfinal matçında penaltilər seriyasında, 2016-cı il dünya çempionatında isə 1/4 final oyununda 3:2 hesabı ilə qalib gələn pireneylilər mane olublar.

Qrup mərhələsində Portuqaliya yığması Rumıniyaya 4:1, Ukraynaya isə 5:3 hesabı ilə qalib gələrək, 1-ci pillənin sahibi kimi 1/4 finala yüksəlib. Azərbaycan millisi Fransanı 5:3 hesabı ilə yensə də, İspaniyaya 0:1 hesabı ilə uduzub və qrup ikincisi kimi mərhələ adlayıb.

Azərbaycan - Portuqaliya görüşünün qalibi yarımfinalda Rusiya ilə üz-üzə gələcək. Qonşu ölkə yığması 1/4 finalda Sloveniyanı üstələyib - 2:0.

Digər yarımfinalda isə Qazaxıstan Ukrayna - İspaniya matçının qalibini sınağa çəkəcək.

Avropa çempionatı

1/4 final

6 fevral

21:00. Portuqaliya - Azərbaycan

Hakimlər: Andrey Çernı (Çexiya), Saşa Tomiç (Xorvatiya), Kamil Çetin (Türkiyə)

"Stojitse" Arenası.

report.az