Azərbaycanda 2018/2019-cu dərs ilində elektron sistem vasitəsilə birinci sinfə şagird qəbulunun əhatə dairəsinin genişləndirilməsi barədə əmr imzalanıb.
Təhsil nazirinin vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramovun imzaladığı əmrə əsasən Bakı, Gəncə, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində 2018/2019-cu dərs ili üçün birinci sinfə şagird qəbulu ərizələrin online qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçiriləcək.
Birinci sinfə elektron ərizə qəbulu prosesinin səmərəli və əlaqələndirilmiş şəkildə aparılmasını təmin etmək məqsədilə işçi qrupu yaradılıb. Birinci sinfə qəbul üçün ərizələrin online qeydiyyatı Bakı şəhəri və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələri üzrə fevralın 22-dən, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələri üzrə isə martın 12-dən başlanacaq.
azertag.az