Azərbaycan məhsulları “Prodexpo 2018” sərgisində nümayiş olunur
6.2.2018

Dünən Rusiyanın paytaxtı Moskvada “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisi öz işinə başlayıb. Fevralın 9-dək davam edəcək sərgidə dünyanın 65 ölkəsindən 2000-dən çox şirkətin məhsulları nümayiş olunur.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, sərginin Azərbaycana aid pavilyonunda ölkəmizdə istehsal edilən meyvə şirələri, müxtəlif növ şərablar və təbii mineral sular, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsullar vahid ölkə stendi ilə “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisinin ziyarətçilərinə təqdim edilir.

Qeyd edək ki, Azərbaycan “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisinin rəsmi internet saytında, sərgi ziyarətçilərinə təqdim olunan kataloqlarda, bannerlərdə Azərbaycan barədə məlumatlar yerləşdirilib. Bundan başqa, sərginin keçildiyi müddətdə zallarda yerləşən bütün monitorlarda "Made in Azerbaijan" brendinin reklam çarxları nümayiş olunacaq.

trend