Prezident İlham Əliyev Bakının Müşfiqabad qəsəbəsində əsaslı təmir edilmiş 67 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olmuşdur.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin balansında olan ikimərtəbəli bina 1987-ci ildə inşa olunmuşdur. Ötən 25 il ərzində burada əsaslı təmir və yenidənqurma işləri görülməmişdir. Azərbaycan Prezidentinin tapşırığına əsasən, binanın əsaslı təmirinə ötən ilin iyunundan başlanılmışdır.
Binanın təmirdən əvvəlki görüntülərini əks etdirən fotostendə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, bina tam yararsız vəziyyətə düşmüşdü. Uşaq bağçasının yeni binası indi yüksək standartlara cavab verir.
Məktəbəqədər təhsil müəssisəsində yaradılan şəraitlə tanış olan Azərbaycan Prezidentinin və xanımının diqqətinə çatdırıldı ki, binanın foyesində dövlət rəmzləri əks olunmuşdur. Burada ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə yaradılmışdır.
Bildirildi ki, 112 yerlik bu müəssisədə 40 müəllim və tərbiyəçi 7 qrupda 2-6 yaş arası uşaqların təlim-tərbiyəsi ilə məşğul olacaqdır. Balacaların zövqünə uyğun qurulan bağçada ayrıca musiqi və oyun zalları fəaliyyət göstərir. Musiqi zalında müasir texniki qurğular, oyuncaqlarla yanaşı, Heydər Əliyev Fondunun hədiyyəsi olan 3D formatlı kinozal da qurulmuşdur. İşıqlı və geniş sahəsi olan yeməkxanada uşaqlar gün ərzində dörd dəfə yeməklə təmin olunacaqlar. Mətbəx avadanlığı da Heydər Əliyev Fondu tərəfindən bağçaya hədiyyə olunmuşdur.
Diqqətə çatdırıldı ki, burada körpələrin və uşaqların sağlıq durumları da daim nəzarətdə saxlanılacaqdır. Bu məqsədlə binada ayrıca həkim otağı fəaliyyət göstərir. Körpələr üçün 15, uşaqlar üçün isə 20 nəfərlik qrup otaqları da yüksək səviyyədə təşkil olunmuşdur. Otaqlarda rahat çarpayılar, əlvan rəngli masa və oturacaqlar, balacaların inkişafına və əylənməsinə kömək edən müxtəlif oyuncaqlar, kitablar vardır. Divarlarda balacaların sevimlisi olan nağıl qəhrəmanlarının şəkilləri asılmışdır.
Məlumat verildi ki, mərkəzləşdirilmiş istilik sisteminin yaradıldığı bina daimi isti və soyuq su ilə təmin olunacaqdır. Bütün otaqlarda video-kameralar vasitəsilə müşahidələr aparılacaqdır. İkinci mərtəbədəki dərs otağı rus, ingilis və digər xarici dillərin tədrisi üçün nəzərdə tutulmuşdur. Burada uşaqlar həm də məktəbə hazırlıq prosesini keçəcəklər. Tədris otağı da bütün lazımi avadanlıqla təchiz olunmuşdur.
Müəssisənin ərazisinə baxan dövlətimizin başçısına məlumat verildi ki, bura tam abadlaşdırılmış, yeni yaşıllıq zolağı salınmışdır. Həyət yaşıllaşdırılmış, uşaqlara yol hərəkəti qaydalarını öyrətmək məqsədilə xüsusi meydança salınmışdır.
Ərazidə ayrıca oyun və istirahət guşələri yaradılmışdır.
Uşaq bağçasında yaradılan şəraitdən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
president.az