Sabah Azərbaycan ərazisində qar yağacaq
29.12.2012

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər duman, axşam isə yağıntılı olacağı, sulu qar yağacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qara keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 0-2, günün birinci yarısında 5-7, axşama doğru 2 dərəcəyə yaxın isti olacağı gözlənilir.

Sabah Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 11-15, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Dekabrın 31-də gündüz saatlarında ölkə ərazisində yağıntıların tədricən kəsiləcəyi, 31 dekabrda axşam saatlarında, yanvarın 1-ə keçən gecə və yanvarın 1-də gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun dekabrın 31-də gecə 0-2 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, yanvarın 1-də gecə 0-3 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, Mərkəzi Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlıq rayonlarda isə gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bayram günləri ilə bağlı hər gün yenilənmiş məlumat təqdim etməyi planlaşdırır.

APA