Berkli Universitetində Lütfi Zadəyə həsr edilmiş simpozium keçirilib
7.2.2018

ABŞ-ın Berkli Kaliforniya Universitetində süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, professor Lütfi Zadənin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş “Qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar” mövzusunda simpozium keçirilib.

Simpozium Berkli Universitetinin elektrik mühəndisliyi və kompüter elmləri fakültəsinin maliyyə dəstəyi, Lütfi Zadənin davamçısı və ailəsinin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazovanın təşkilatçılığı ilə keçirilib.

Berkli Universitetinin mühəndislik fakültəsinin dekanı, professor Şankar Şasti, elektrik mühəndisliyi və kompüter elmləri fakültəsinin kafedra müdiri professor Ceyms Demmel, professor Şahnaz Şahbazov Lütfi Zadənin elmi fəaliyyəti, pedaqoji xidmətləri haqqında geniş məlumat veriblər.

Simpoziumda təxminən 80 elm işçi və professor iştirak edib. Dəvət olunan professorlar arasında ABŞ-ın Texas, Corciya, Vaşinqton, Vircinia ştatlarından, Braziliya, Meksika, Rumıniya, Kanada və Avstraliyadan alimlər, habelə Kaliforniyanın San-Xose, San-Fransisko, Berkli və digər universitetlərinin professorları, BİSC laboratoriyasının üzvləri və Kaliforniyadakı Azərbaycan cəmiyyətinin üzvləri olublar.

Çıxış edənlər Lütfi Zadənin dünya elminə əvəzsiz töhfələrindən, elmi nəzəriyyələrinin tətbiqindən və inkişafından danışıb, onu “Dünyanın həqiqi elm vətəndaşı” adlandırıb, alim haqqında xatirələrini bölüşüblər.

Tədbirdə professor Lütfi Zadənin elmi fəaliyyəti haqqında film nümayiş etdirilib. Simpozium işini başa çatdırıb.

azertag.az