Bu ilin ən populyar avtomobilləri müəyyənləşib
30.12.2012

Avtomobil bazarının proqnozları ilə məşğul olan «LMC Automotive» analitik agentliyi 2012-ci ilin ən məşhur avtomobil modellərinin proqnoz siyahısını dərc edib.

Agentliyin proqnozlarına əsasən, birinci yerdə «Ford Focus» modeli qərarlaşacaq. Sözügedən avtomobil Amerika bazarında satış həcminə görə «Top-10»da yer almasa da, digər avtomobil bazarlarında bu modelin satış həcmi böyükdür. Məhz bu səbəbdən «Ford Focus» modelinin 2012-ci ilin ən populyar avtomobili adına layiq görüləcəyi gözlənilir. «Ford Focus» ABŞ, Çin, Almaniya, Rusiya və Tailanda istehsal olunur və hazırda dünyanın 120 ölkəsində satılır. Cari ilin sonunda bu modelin satış həcminin 1 mln-a çatacağı gözlənilir.



Proqnozlara əsasən, ikinci yerdə «Toyota Corolla» qərarlaşacaq. Bu modelin satış həcmi 2012-ci ilin sonunda 966 minə çatacaq. Bu il ərzində sözügedən avtomobil modelinin Çində satışı 25% proqnozlardan az olmasına baxmayaraq, digər ölkələrdə «Corolla»nın yüksək templi satışı bu avtomobil modelinin siyahının ilk üçlüyündə yer almasını təmin edib.



Siyahıda ilk üçlüyü «Volkswagen Jetta» modeli tamamlayır. Alman istehsalı olan bu avtomobil bir neçə ölkənin bazarlarında «Vento» və «Bora» adı altında satılır. Bu model «Volkswagen»in bütün modelləri sırasında populyarlığına görə ikincidir (birinci yerdə «Golf» modelidir) və bu il ərzində 822 min ədəd «Jetta» satılacağı gözlənilir.



Proqnozlara görə, siyahıda 4-cü yerdə «Hyundai Elantra» qərarlaşıb. Cari ildə 777 min «Elantra»nın realizə olunacağı gözlənilir. Reytinqdə beşinci yerində «Ford Fiesta» (2012-ci ildə bu modelin satış həcminin 728 min ədəd olacağı gözlənilir), altıncı yerdə «Volkswagen Golf» (726 min ədəd), yeddinci yerdə «Toyota Camry» (705 min ədəd), səkkizinci yerdə «Volkswagen Polo» (704 min ədəd), doqquzuncu yerdə «Chevrolet Cruze» (694 min ədəd), onuncu yerdə isə «Honda Civic» (638 min ədəd) modeli qərarlaşıb.