Dünən zəlzələ bölgəsində daha 40 ev sakinlərə təhvil verilib.
Balakən və Zaqatala rayonlarında yeni evlərin açarları sakinlərə təqdim olunub.
Mərasimlərdə rayon İcra Hakimiyyətlərinin məsul şəxsləri və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri iştirak ediblər.
Zəlzələdən zərər çəkən Balakən rayonunda təşkil edilən mərasimdə bildirilib ki, may ayında baş verən zəlzələ nəticəsində rayonda 250 ev qəzalı vəziyyətə düşüb, 237 evdə tikinti işlərinə başlanılıb, artıq 164 ev sakinlərin istifadəsinə verilib. Bu gün isə rayonun Katex, Püştətala, Mahamalar və Balakən şəhəri də daxil olmaqla, 25 evin açarı sakinlərə təqdim edilib.
Fövqəladə Hallar Nazirliyi nümayəndələrinin iştirakı ilə Zaqatalanın Danaçı kəndində isə daha 15 ev sakinlərin istifadəsinə verilib. Zəlzələ nəticəsində Danaçı kəndində 498 ev qəzalı vəziyyətə düşüb. Hazırda 425 evin tikintisi davam edir.