İlk dəfə olaraq “Azərbaycanın kosmolandşaft xəritəsi” tərtib edilib
30.12.2012

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu tərəfindən ilk dəfə olaraq bütün ölkə ərazisi üçün “Azərbaycanın kosmolandşaft xəritəsi” tərtib edilib.

İnstitutun direktor müavini Ramiz Məmmədov bildirib ki, xəritə ilk dəfə olaraq son 40-50 ildə baş vermiş landşaft-ekoloji, iqlim, səhralaşma kimi təbii-antropogen dəyişikliklər nəzərə alınmaqla iri miqyaslı (M 1:250000) kosmik şəkillərin deşifrlənməsi materialları əsasında bütün ölkə ərazisinin təbii landşaft komplekslərinin vəziyyətini əks etdirir.

Onun sözlərinə görə, xəritədə Azərbaycan ərazisində XX əsrin II yarısında və XXI əsrin əvvəllərində aparılan bütün landşaft tədqiqatlarının və xəritələşdirilməsinin nəticələri müqayisəli təhlil edilib. Yeni landşaft xəritəsində ayrılan bütün landşaft kompleksləri (sinif, tip, yarımtipi, növ), o cümlədən işğal olunmuş ərazilərin landşaftlarının, arealları dəqiqləşdirilib və onların sərhədlərinin xeyli fərqli olduğu aşkarlanıb. Yeni landşaft xəritəsi böyük həcmli müasir elmi tədqiqatların elmi-nəzəri və metodiki ümumiləşdirilməsi olub, gələcək landşaft-ekoloji, landşaft planlaşdırılması, rayonlaşdırılması, meliorasiya, rekreasiya və digər istiqamətli tədqiqatlar üçün elmi əsas rolunu oynayacaq.

Bununla yanaşı, Acınohur alçaq dağlığı və Qanıx-Əyriçay vadisi geosistemlərinin landşaft-geokimyəvi differensiasiyası, ekoloji gərginliyin, infrastrukturun və ekoloji karkasın əsas xüsusiyyətləri müəyyən edilib. Ərazinin təbii-təsərrüfat sisteminin inkişaf istiqamətlərini nəzərə almaqla coğrafi informasiya sistemi əsasında böyük miqyaslı “Landşaft-ekoloji” və “Geokimyəvi landşaft” xəritələri hazırlanıb.

APA