Magistraturaya qəbul imtahanda iştirak üçün indiyədək 5 min 212 bakalavr sənəd verib
8.2.2018

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, fevralın 8-i saat 14:00-a olan məlumata əsasən, Azərbaycan bölməsi üzrə 4 min 657, rus bölməsi üzrə 555, ümumilikdə 5 min 212 nəfər elektron ərizəsini təsdiqləyib.

Qəbul imtahanında iştirak üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bakalavr fevralın 12-dək “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə etməlidir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə fevralın 12-dək DİM-in internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiqləyir.

azertag.az