"Kəpəz" iki əcnəbi futbolçu ilə müqavilə bağlayıb
9.2.2018

“Kəpəz” klubu qış transfer dövründə daha iki futbolçu ilə müqavilə bağlayıb.

Klubun rəsmi saytına istinadən xəbər verilir ki, “sarı-göylər” Trinidad və Tobaqodan olan hücumçu Şadon Vinçester və ukraynalı müdafiəçi İqor Korotetskiy ilə münasibətləri rəsmiləşdirib.

Hər iki oyunçu mövsümün sonuna kimi Gəncə klubunda çıxış edəcək. Korotetskiy azad agent kimi “Kəpəz”ə keçib, Vinçester isə Meksikanın “Murselaqos” klubundan icarəyə götürülüb.

Qeyd edək ki, “Kəpəz” qış fasiləsində Murad Səttarlı (“Zirə”), Roman Hüseynov ("Qəbələ", icarə), Samir Zərgərov ("Keşlə"), Tərzin Cahangirov ("Neftçi"), Sergey Litovçenko ("Dinamo", Gürcüstan), Giuli Manjqaladze ("Samtredia", Gürcüstan), Tərlan Qasımzadə ("Sabah"), Dario Federiko ("Sonnam", Cənubi Koreya), Tural Nərimanov ("Şüvəlan") və Dieqo Souzanı heyətinə qatıb.

report.az