Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən Könül Tağıyeva Avropa İttifaqının “Horizon-2020” proqramı çərçivəsində Almaniyada ezamiyyətdə olub.
Zoologiya İnstitutundan bildirilib ki, Almaniyanın Justus Liebig Universitetində olan K.Tağıyeva bu ali təhsil ocağında Xəzər dənizindən və ölkəmizin daxili sularından toplanan krevetlərin DNT-lərinin izolyasiyası və PCR analizlərini edib və sonrakı mərhələlər üçün nümunələr hazırlayıb.
K.Tağıyeva, həmçinin Justus Liebig Universitetinin su heyvanlarının ekologiyası və sistematikası institutunun direktoru, professor Tomas Vilkenin “Filogenetikanın əsasları”, “Ardıcıllığın düzənlənməsi”, “Filogenetik ağaclar”, “Ağacın yenidən qurulması və molekulyar saatlar” mövzularında mühazirələrini dinləyib, Zoologiya İnstitutu ilə birgə həyata keçiriləcək layihələrlə bağlı müzakirələr aparıb.
azertag.az