Vəkillər Kollegiyasına qəbul imtahanının nəticələri açıqlanıb
9.2.2018

Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün keçirilən test imtahanında 1.873 namizəddən 607-si 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahanda iştirak üçün 1.966 namizəd qeydiyyatdan keçib. Lakin onlardan 93-ü imtahana gəlməyib. Namizədlərin 11,5 faizi xarici, 88,5 faizi yerli ali təhsil müəssisələrində təhsil almış şəxslərdir. İmtahanda iştirak üçün qeydiyyatdan keçən namizədlərdən müxtəlif illərdə DİM tərəfindən ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında iştirak edərək yalnız bakalavriat və ya bakalavriat, magistratura səviyyələrinə qəbul olanların sayı 985-dir. Bu kateqoriyaya aid iştirakçılardan 455-i müsabiqə şərtini ödəyib və müsahibəyə buraxılıb.

Vəkillər Kollegiyasına üzvlüyə qəbul imtahanında iştirak üçün qeydiyyatdan keçən 669 namizəd DİM-in keçirdiyi qəbul imtahanlarında iştirak etməyib. Bu kateqoriyaya aid namizədlərdən 105-i imtahandan müvəffəqiyyətlə keçib.

İmtahanda iştirak edən namizədlər sırasında DİM tərəfindən ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında heç bir ali təhsil müəssisəsinə qəbul olunmayan namizədlər də var. Onlar əsasən əvvəlki dövrlərdə ali təhsil müəssisələrinin daxili əmrləri ilə universitetə qəbul olunan, köçürülən və ya xaricdə təhsil alan şəxslərdir. Bu kateqoriyaya aid 312 namizəddən yalnız 47-si Vəkillər Kollegiyasına üzvlüyə qəbul imtahanda uğur əldə edib.

azertag.az