Fevralın 8-də Azərbaycan Bəstəkarlar İttifaqında dünya şöhrətli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Tədbirdə respublikanın bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Konfransda Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə görkəmli bəstəkar Qara Qarayevin Azərbaycan musiqi mədəniyyətinə töhfələrindən danışıb. Qeyd edib ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan bəstəkar Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir. “Qara Qarayev haqqında nə qədər danışsaq da azdır. Böyük bəstəkar zəngin və çoxşaxəli yaradıcılığa malikdir. Onun bəstəkarlıq məktəbi, məqalələri, ictimai fəaliyyəti - bütün bunlar kitabların, araşdırmaların mövzusu ola bilər. Dahi insanların gördüyü işlər qısamüddətli olmur. O, əsrlər üçün yaradır. Bu baxımdan bəstəkarın həyat və fəaliyyəti bizim üçün örnəkdir. Onun yüksək insani keyfiyyətləri, yaradıcılıq istedadı musiqimizin gələcəyinə işıq tutub. Bütün həyatı boyu Azərbaycan musiqisinin inkişafına çalışıb. O, muğamlarımızı, aşıq sənətimizi də dərindən öyrənib, bu haqda məqalələr yazıb. Biz Qara Qarayevin tələbələri olaraq onun qoyduğu şərəfli missiyanı davam etdirməyə çalışırıq”, - deyə F.Əlizadə bildirib.
Daha sonra konfrans Qara Qarayevin Azərbaycan musiqi mədəniyyəti tarixində xidmətlərindən bəhs edən elmi məruzələrin dinlənilməsi ilə davam edib.
azertag.az