Azərbaycanlı alim Daşkənddə beynəlxalq konfransda çıxış edib
9.2.2018

Daşkənddəki Nəvai adına Dil və Ədəbiyyat Universitetində “Əlişir Nəvai və 21-ci əsr” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə Özbəkistanda fəaliyyət göstərən səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, bu ali məktəbin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Konfransda ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Bakı Dövlət Universitetinin professoru Ramiz Əskər təmsil ediblər.

Universitetin rektoru, professor Şuxrat Sirojiddinov konfransda çıxış edərək böyük özbək şairi Əlişir Nəvainin həyat və yaradıcılığı haqqında məlumat verib, onun Şərq ədəbiyyatındakı yerindən və mövqeyindən danışıb.

Səfirlər və beynəlxalq təşkilatların nümayəndələri öz çıxışlarında Əlişir Nəvaini dünya şöhrətli bir söz ustadı kimi xarakterizə ediblər.

Samir Abbasov böyük şairin Azərbaycan ədəbiyyatına xüsusi rəğbət göstərdiyini bildirib, Əlişir Nəvaini ümumtürk ədəbiyyatının və dünya ədəbiyyatının tanınmış nümayəndələrindən biri kimi təqdim edib.

Bakı Dövlət Universitetinin professoru Ramiz Əskər Əlişir Nəvainin yaradıcılığının Azərbaycanda öyrənilməsi, əsərlərinin nəşri məsələləri ilə bağlı məruzəsi maraqla qarşılanıb. O bildirib ki, Əlişir Nəvai dünya ədəbiyyatı tarixinə türk dilində “Xəmsə” yazan şair kimi düşüb.

Vurğulanıb ki, Əlişir Nəvainin yaradıcılığı ondan sonra gələn Azərbaycan şairləri - Kişvəri, Xətai, Füzuli və başqalarının yaradıcılığına müsbət təsir edib.

Sonra Ramiz Əskər Mahmud Kaşqarinin Azərbaycan dilinə tərcümə etdiyi məşhur “Divani lüğəti-it türk” əsərini rektora təqdim edib.

Konfrans konsert proqramı ilə başa çatıb.

azertag.az