Firəngiz Əlizadə: Builki beynəlxalq muğam festivalı Cümhuriyyətin 100 illiyinə həsr olunacaq
9.2.2018

Qədim və zəngin milli musiqi sənətimizin yaşadılması və təbliği baxımından əhəmiyyətli layihələrdən olan “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı bu il martın 7-dən 15-dək Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Milli Konservatoriya və Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə beşinci dəfə gerçəkləşəcək.

Bu barədə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə bildirib.

Ölkəmizdə 2009-cu ildən keçirilən festivalın hər dəfə önəmli hadisəni ehtiva edən mövzuya həsr olunduğunu deyən F.Əlizadə builki festivalın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr ediləcəyini vurğulayıb.

Qeyd edib ki, festival bundan sonra 3 ildən bir təşkil ediləcək: “Buna səbəb iki ilə yeni nəsil xanəndə yetişmir. Mərhələli şəkildə yeni tərzlər formalaşmalıdır. Ənənələrdən danışarkən diqqətə çatdırım ki, festivalın formatını genişləndirmişik. Birinci festivaldan üzü bəri ənənənin davamı olaraq 7 muğam hər axşam Beynəlxalq Muğam Mərkəzində səsləndiriləcək. Festivalın açılış konserti Heydər Əliyev Sarayında martın 7-də baş tutacaq. Əməkdar İncəsənət Xadimi, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışları olacaq. Açılış konsertinə, həmçinin bəstəkar Müslüm Maqomayevin “Nərgiz” operasından uzun illərdir səslənməyən ariyanı daxil etdik”.

Festivalın bölgələrdə də keçiriləcəyini bildirən F.Əlizadə deyib: “Həmişəki kimi simpoziumun rəsmi açılışı Milli Azərbaycan Tarixi Muzeyində olacaq. Daha sonra tədbir iki gün Gəncədə davam edəcək. Martın 8 və 9-da qonaqlar Gəncədə inşa edilən yeni filarmoniyanın binası ilə tanış olacaqlar və orada muğam konserti təşkil ediləcək. Daha sonra Bakıya qayıdacaqlar və paytaxtda hər axşam Muğam Mərkəzində muğam dəsgahları səsləndiriləcək. Bundan əlavə, proqrama Ü.Hacıbəylinin “Koroğlu” operası, Marionet Teatrının “Leyli və Məcnun”, Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar bəstəkarın “Yeddi gözəl” baletinin tamaşaları da daxildir. Bəstəkarın yubileyi ilə əlaqədar festival çərçivəsində məruzələr təqdim ediləcək. “Muğam sənətində azərbaycançılıq məfkurəsi” və “Qara Qarayevin əsərlərində muğamın təcəssümü və izləri” əsas mövzular olacaq. Festival günlərində, həmçinin Musiqili Teatrda “O olmasın, bu olsun” tamaşası, Akademik Milli Dram Teatrında ötən ilin may ayında UNESCO-da nümayiş olunan “Nəsimiyə ithaf” layihəsinin Bakı premyerası, R.Behbudov adına Mahnı Teatrında Mircavad Cavadovun “Cəngi” qrupunun konserti, Müslüm Maqomayevin “Şah İsmayıl” operasının tamaşası qonaqlar üçün təqdim ediləcək”.

azertag.az