“Şəbəkə Travel” turizm xidmətlərinin sayını artırmaq niyyətindədir
12.2.2018

“Şəbəkə Travel” turizm xidmətlərinin sayını artırmaq niyyətindədir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, nazirliyin təşəbbüsü ilə yaradılan “Şəbəkə Travel”in fəaliyyətə başlamasından 1 il ötür. Bütün növ poçt və telekommunikasiya xidmətlərinin göstərildiyi “Şəbəkə” mərkəzlərində turizm xidmətlərini təmin etmək üçün yaradılan “Şəbəkə Travel” müasir turizm standartlarına cavab verən çoxprofilli tur operatordur. 2017-ci ilin nəticələrinə görə, şirkət “Azeri Bussiness Award”, “Azeri Best Award” mükafatlarına layiq görülüb.

Şirkətin rəhbəri Natiq Məmmədov bildirib ki, peşəkar biznes tarixçəsi tələb edən, otellərdə böyük yer və qiymət kvotası olan, “Global Travel Wholesaler”lər ilə (Beynəlxalq Səyahət Topdansatış şirkəti) uğurlu əməkdaşlıq edilir.

24 saat fasiləsiz xidmət göstərən turizm şirkəti 500-dən çox aviaşirkətlə, dünyanın 2800-dən çox şəhərinə işgüzar şəxslər və turistlər üçün səyahət imkanı yaradır. Eyni zamanda, Azərbaycan daxili turlar, eləcə də, dünyanın ən böyük 14 kruiz şirkətinin laynerləri ilə kruizlərin təşkili də həyata keçirilir. Dünyanın istənilən nöqtəsində və Azərbaycanda avtomobil icarəsi, aeroport transferi də xidmətlərə daxildir.

N.Məmmədov hazırda qeyd olunan xidmətlərin sayının artırılması istiqamətində işlərin sürətlə davam etdirildiyini vurğulayıb.

trend.az