Dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edən Bakı Ali Neft Məktəbi (BANM) 2017-ci ildə ilk məzunlarını yola salıb.
Ali Məktəbdən verilən məlumata görə, keçən il BANM-i neft-qaz mühəndisliyi ixtisası üzrə 48 nəfər, kimya mühəndisliyi ixtisası üzrə 54 nəfər – cəmi 102 məzun bitirib.
Qeyd edək ki, məzunların əksəriyyəti artıq aparıcı şirkət və müəssisələrdə işləməyə başlayıb. Bəziləri isə təhsillərini Azərbaycanın, eləcə də dünyanın nüfuzlu universitetlərində magistratura və PhD pilləsində davam etdirir. Məzunlar arasında ixtisasları üzrə işləyən və eyni zamanda təhsilini davam etdirənlər var.
Mühəndislik sahəsində ixtisasları beynəlxalq səviyyədə qəbul edilən BANM-in məzunlarının çalışdığı müəssisələr üzrə statistikası aşağıdakı kimidir:
Şikət/təşkilat | Ümumi say |
STAR & PETKIM (TÜRKİYƏ) | 24 |
AZNEFT İSTEHSALAT BİRLİYİ | 18 |
SOCAR POLYMER | 6 |
BAKI ALİ NEFT MƏKTƏBİ | 6 |
HEYDƏR ƏLİYEV adına NEFT EMALI ZAVODU | 5 |
BP | 5 |
HALLIBURTON | 2 |
MAİRE TECNİMONT | 2 |
GİLAN HOLDİNG | 2 |
SCHLUMBERGER | 1 |
SOCAR Baş Ofis | 1 |
SOCAR Ümid MMC | 1 |
AZƏRİKİMYA | 1 |
NİPİ Neftegas MMC | 1 |
CƏMİ | 75 nəfər |
Qeyd edək ki, Ali Məktəbin 6 məzunu hazırda müddətli həqiqi hərbi xidmətdədir və xidməti başa vurduqdan sonra onlar əvvəlcədən əmək müqaviləsi bağladıqları Azneft İB-də işə başlayacaq.
Dünyada tətbiq olunan beynəlxalq standartların tələbləri səviyyəsində tədris prosesini həyata keçirən Ali Məktəbin məzunları enerji sektorunda fəaliyyət göstərən şirkətlərə işə düzəlməkdə çətinlik çəkmirlər. Belə ki, BANM-da təhsil alan tələbələr hər il tədris proqramlarının bir hissəsi kimi həmin şirkətlərin əksəriyyətində istehsalat təcrübə proqramları keçirlər. Bu yolla məzun olmazdan qabaq həm şirkətlər tələbələri, həm də tələbələr şirkətləri yaxından tanımış olur.
Bundan başqa, enerji sektorunun nüfuzlu şirkətləri ilə sıx əməkdaşlıq və dostluq münasibətləri quran BANM-da mütəmadi olaraq həmin şirkətlərin rəhbər şəxsləri, menecerləri tədris müddəti ərzində tələbələrə master-klasslar, təlim və seminarlar keçir. Bu da tələbələrin həmin şirkətlərin fəaliyyətinə maraq göstərməsinə, gələcəkdə özlərini həmin şirkətlərin əməkdaşı kimi görməsinə imkan yaradır.
Təhsilini davam etdirməyi qərara almış BANM-ın məzunlarının ali məktəblər və ölkələr üzrə statistikasını aşağıdakı cədvəldə təqdim edirik:
Universitet | Ölkə | Say | Təhsil pilləsi |
Kolorado Mədənlər Məktəbi | ABŞ | 1 nəfər | PhD |
Bakı Ali Neft Məktəbi | Azərbaycan | 14 nəfər | Magistratura |
Stanford Universiteti | ABŞ | 1 nəfər | Magistratura |
Azərbaycan Dövlət İqtisad Universitetinin MBA Proqramı | Azərbaycan | 6 nəfər | Magistratura |
Hamburq Texnologiyalar Universiteti | Almaniya | 2 nəfər | Magistratura |
Fredrix Aleksandr adına Nürnberq Universiteti | Almaniya | 1 nəfər | Magistratura |
Turin Politexnik Universiteti | İtaliya | 1 nəfər | Magistratura |
Milan Politexnik Universiteti | İtaliya | 1 nəfər | Magistratura |
Kataloniya Politexnik Universiteti | İspaniya | 1 nəfər | Magistratura |
Ege Universiteti | Türkiyə | 1 nəfər | Magistratura |
Debrecen Universiteti | Macarıstan | 1 nəfər | Magistratura |
Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti | Macarıstan | 1 nəfər | Magistratura |
Maliyyə və Administrasiya Universiteti | Çexiya | 1 nəfər | Magistratura |
CƏMİ | 1 nəfər Ph.D və 31 nəfər Magistr |
report.az