Litvada dahi bəstəkar Qara Qarayevin xatirəsi anılıb
13.2.2018

Litvanın paytaxtı Vilnüsdə görkəmli bəstəkar, Xalq Artisti Qara Qarayevin 100 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunub.

Tədbirdə Azərbaycanın Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev dünya şöhrətli Azərbaycan bəstəkarının həyat və yaradıcılığından söz açaraq, onun musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıb.

Litva Musiqi və İncəsənət Akademiyasının dosenti Yudita Leitaite və Balys Dvarionas Musiqi Məktəbinin direktoru Laimute Ujkuraitienenin dəstəyi ilə təşkil olunan konsert proqramında görkəmli bəstəkarın əsərləri ilə yanaşı, bir sıra bəstəkarların əsərlərinə də müraciət edilib.

Litvanın tanınmış müğənnisi Yudita Leitatitenin də iştirak etdiyi konsertdə dahi bəstəkarın “Altı pyes” silsiləsindən “Kiçik hekayə”, “Usandırıcı fikir”, “Dağlarda”, “Unundulmuş vals”, həmçinin “Kiçik vals”, “Pavana” əsərləri, habelə skripka və fortepiano üçün sonatina, süita və kantatalarından nümunələr ifa edilib.

Qeyd edək ki, Qara Qarayevin 100 illiyi çərçivəndə reallaşacaq tədbirlərin Litvanın digər şəhərlərində də keçirilməsi nəzərdə tutulur.

azertag.az