DİM: Vakant yer olan dövlət orqanlarının 31-də işləmək üçün heç bir namizəd qeydiyyatdan keçməyib
13.2.2018

Dövlət İmtahan Mərkəzi tərəfindən yanvarın 11-də elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat başa çatıb.

Mərkəzdən verilən məlumata görə, müsahibəyə inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 1126 vakant inzibati icraçı vəzifə (B növ) təqdim olunub.

Yekun məlumata əsasən, 77 dövlət orqanında olan vakant vəzifələr üzrə 1925 müraciət qeydə alınıb.

Dövlət orqanları arasında təqdim olunan vakant yer və müraciət edənlərin sayına görə ən yüksək müsabiqə vəziyyəti (1 vakant yerə düşən ərizələrin orta sayı) Tarif (qiymət) Şurasının Katibliyi (11), Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (9.94), Maliyyə Nazirliyi (8.67), Təhsil Nazirliyi (8.5) və İqtisadiyyat Nazirliyində (8.06) olan vəzifələr üzrədir.

Bəzi vəzifələr üzrə müsabiqə vəziyyəti çox yüksəkdir. Bu da həmin vəzifələrin tutulmasında rəqabətin yüksək olacağını göstərir. 1 vakant yer üçün 30‑dan yuxarı müraciət qeydə alınan vəzifələr Mingəçevir regional “Asan xidmət” Mərkəzində aparıcı məsləhətçi (müraciət edənlərin sayı - 44 ), Quba “Asan xidmət” Mərkəzində aparıcı məsləhətçi (müraciət edənlərin sayı - 38), Mingəçevir regional “Asan xidmət” Mərkəzində böyük məsləhətçi (müraciət edənlərin sayı - 35 ), Quba “Asan xidmət” Mərkəzində böyük məsləhətçi (müraciət edənlərin sayı - 33), İqtisadiyyat Nazirliyində məsləhətçi (müraciət edənlərin sayı - 32), Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi (müraciət edənlərin sayı - 32) vəzifələridir.

Lakin 77 dövlət orqanından 31-də (40.26%) vakant olan vəzifələr üzrə heç bir namizəd qeydiyyatdan keçməyib.

Təqdim olunan vakant vəzifələr üzrə müsahibədə iştirak etmək üçün müraciət qeydə alınmayan dövlət orqanları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi; Milli Televiziya və Radio Şurası, Gəncə, Şəki Apelyasiya Məhkəmələri, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Şirvan, Şəki İnzibati-İqtisadi Məhkəmələri; Füzuli, Tərtər Rayon Hərbi Məhkəmələri, Ağdaş, Ağstafa, Astara, Cəlilabad, Füzuli, Göyçay, Göygöl, Hacıqabul, Kəlbəcər, Laçın, Lənkaran, Qazax, Saatlı, Salyan, Şamaxı, Şəki, Şəmkir, Şirvan, Ucar, Xaçmaz, Yardımlı, Yevlax Rayon Məhkəmələridir.

Müsahibəyə ən çox vakansiya təqdim etmiş Kənd Təsərrüfatı Nazirliyində də vəzifələr üzrə (451 vakant vəzifə) müsabiqə vəziyyəti (0.12) aşağıdır.


trend