“ƏSA” Teatrından növbəti tamaşa
13.2.2018

Əlilliyi olan aktyorlardan ibarət inklüziv “ƏSA” Teatrı ictimaiyyətin və çoxsaylı tamaşaçı xahişlərini nəzərə alaraq, çoxdan gözlənilən “Adamlar və siçanlar - 2” tamaşasının nümayişini həyata keçirəcək.

Dünya şöhrətli Amerika yazıçısı, Nobel və Pultizer mükafatı laureatı Con Steynbekin “Siçanlar və adamlar haqqında” povestinin motivləri əsasında hazırlanan tamaşanın nümayişi fevralın 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində reallaşacaq.

Tamaşanın quruluşçu rejissoru və bəstəkarı Nihad Qulamzadə, rejissoru Elşən Əsgərov, baş prodüseri və səhnə tərtibatçısı Nicat Qulam, işıq rəssamı Bünyamin Sailov, konsertmeysteri Fidan Babayeva və Elçin Hətəmli, qrafik dizayneri Tural Əlisoy, fotoqrafı Eltac Zeynalov, surdo (işarət dili) tərcüməçisi isə Nuranə Abıyevadır.

Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, İmran Lalayev, Riyad Sultanov, Günay Məmmədova, Fərid Əliyev, Asim Səfərov, Sənan Fərzəliyev və Patti Smit canlandıracaq. Həmçinin tamaşa zamanı nitq məhdudiyyətli tamaşaçılar üçün işarət dili ilə sinxron tərcümə olacaq.

Qeyd edək ki, insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətləri aşılayan tamaşanın premyerası Akademik Opera və Balet Teatrında ötən ilin dekabrın 19-da ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə reallaşıb. Ölkə ictimaiyyətinin rəğbətlə qarşıladığı “Adamlar və siçanlar” tamaşası bu dəfə fərqli quruluşda hazırlanaraq “Adamlar və siçanlar - 2” adı ilə səhnə həyatı yaşayacaq.

azertag.az