Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 15,2 mindən çox müraciəti cavablandırıb
14.2.2018

Cari ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 və 190 - “Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən əvvəlki ayla, yəni 2017-ci ilin dekabr ayı ilə müqayisədə 12,2 faiz az olmaqla, 15.236 müraciət daxil olub.

Nazirlikdən verilən məlumata görə, vətəndaşların “Çağrı mərkəzləri”nə etdikləri hər bir müraciətin operativ şəkildə cavablandırılması təmin edilib. Müraciətlərin 96,7 faizi nazirliyin fəaliyyət sahələrinə aid məsələlərlə bağlı sorğulardan ibarət olub. ƏƏSMN-nin mütəxəssisləri tərəfindən bu sorğularla bağlı vətəndaşlara ətraflı hüquqi izahatlar verilib. “Çağrı mərkəzləri”nə daxil olan digər müraciətlər isə nazirliyin müvafiq struktur bölmələrində araşdırılıb və nəticələrinə uyğun tədbirlər görülüb. Eyni zamanda, vətəndaşların məlumatlandırılması məqsədilə yanvar ayı ərzində 38.896 sms göndərilib.

142 və 190 - “Çağrı mərkəzləri” tərəfindən sosial təminat növlərinə hüququn müəyyən edilməsi, pensiya və sosial müavinət məsələləri, əmək qanunvericiliyi, məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və reabilitasiya, nazirliyin elektron xidmətlərindən istifadə, sosial sığorta münasibətləri, məcburi dövlət sosial sığortası, fərdi uçotun təşkili və s. ilə bağlı müraciətlərin cavablandırılması təmin edilir. Eyni zamanda, 142 - “Çağrı mərkəzi” əlilliyin və sağlamlıq imkanları məhdudluğun müayinəsinin nəticəsi, ünvanlı dövlət sosial yardımının alınması üçün edilmiş müraciətə baxılmasının cari vəziyyəti barədə nazirliyin mərkəzləşdirilmiş informasiya sistemindən məlumat öyrənməyə, 190 - “Çağrı mərkəzi” isə avtomatlaşdırılmış qaydada pensiya təyinatının aparılmasına imkan verir.

Hər iki “Çağrı mərkəzi” canlı rejimdə həftənin iş günləri saat 9.00-dan 18.00-dək vətəndaşların xidmətindədir. Qeyri-iş günlərində isə vətəndaşların müraciətləri avtomatik rejimdə aidiyyəti üzrə standart formada cavablandırılır.


trend