Bu gün geomaqnit qasırğası baş verəcək
15.2.2018

“Kosmik hava”da hökm sürən uzunmüddətli nisbi sakitlikdən sonra qarşıdan gələn günlərdə bu hava şəraitinin əlverişsiz olacağı və “pisləşəcəyi” gözlənilir”.

Bunu açıqlamasında AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

“Təbii ki, bunun əsas səbəbi Günəşdir. Hazırda Günəşin səthində cəmi 18 ləkə var və bunlar bir fəallıq regionunda cəmləşiblər. Bu 2699 nömrəli aktiv ləkə regionu kifayət qədər fəaldır. Fevralın 12-də bu ləkələrin yanında böyük kütləyə malik tac plazma atılması baş verib və Yerə doğru yönəlib. Buna səbəb C1 sinfinə mənsub Günəş alışması olub”, - deyə E.Babayev bildirib.

O qeyd edib ki, bu tac plazma atılması, təqribən, fevralın 15-də yerətrafı fəzaya çataraq 60% ehtimalla G1 sinfinə mənsub olan geomaqnit qasırğasının yaranmasına səbəb olacaq: “Hətta ehtimal var ki, hansısa bir periodlarda qısa müddət ərzində geomaqnit qasırğası güclənərək G2 səviyyəsinə çatsın. Fevralın 15-i üçün Kp indeksinin qiyməti çox kiçik olsa da, o getdikcə artacaq. Bundan başqa, fevralın 16-dan etibarən həyəcanlaşma digər səbəbdən daha da güclənəcək. Bunun səbəbi isə Günəş səthində formalaşmış növbəti tac dəliyidir”.

“Adətən, bu cür tac dəliklərindən yüksək sürətli plazma küləyi öz başlanğıcını götürür və planetlərə, o cümlədən Yerə doğru yönəlir. Bu isə geoeffektiv hal deməkdir və bu halda tac kütlə atılması və tac dəliklərinin mövcudluğu geomaqnit həyəcanlaşmasını və geomaqnit qasırğalarını labüd edir. Adıçəkilən 2699 nömrəli aktiv region Günəşin fırlanması səbəbindən yaxın günlərdə diskin arxasında gizlənəcək və Günəşin səthində, demək olar ki, çox az miqdarda ləkə görünəcək” - deyə E.Babayev əlavə edib.


report.az