Hüseyn Yayman: Qara Qarayev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının böyük sənətkarıdır
16.2.2018

TÜRKSOY tərəfindən elan edilmiş “Qara Qarayev ili”nin açılış mərasiminə qatılan Azərbaycan nümayəndə heyəti Ankarada Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yaymanla görüşüb.

Azərbaycan Milli Kitabxanasından bildirilib ki, görüşdə çıxış edən nümayəndə heyətinin rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə Qara Qarayevin tələbəsi olduğunu söyləyib. Unudulmaz müəlliminin yaratdığı dünyaca məşhur əsərlər haqqında nazir müavininə ətraflı məlumat verən F.Əlizadə ölməz bəstəkarın Azərbaycanda və xarici ölkələrdə çox sayda tələbələri və davamçıları olduğunu xüsusi vurğulayıb. Firəngiz Əlizadə dahi bəstəkarın əsərlərinin dünya miqyasında geniş şəkildə ifa olunmasından, dünya musiqi xəzinəsinin incilərinə çevrilməsindən bəhs edib.

Çıxışının sonunda Firəngiz Əlizadə Qara Qarayevin əsərlərindən ibarət audiodiski nazir müavininə təqdim edib.

Görüşdə Milli Kitabxananın direktoru professor Kərim Tahirov dahi Qara Qarayevin keçmiş sovetlər birliyində və dünyada məşhur bir bəstəkar olduğunu deyib, onun milli musiqinin əsaslarını dahi bəstəkarımız Üzeyir Hacıbəylidən, klassik musiqinin sirlərini isə məşhur rus bəstəkarı Dmitri Şostakoviçdən öyrəndiyini vurğulayıb. Bildirib ki, hələ tələbə olarkən dünya musiqi mədəniyyəti tarixində inqilabi addım hesab olunan musiqi əsərləri yaratdığına görə müəllimi D.Şostakoviç Qara Qarayevi öz tələbəsi yox, həmkarı və müasiri adlandırıb.

Kərim Tahirov Azərbaycan Milli Kitabxanası haqqında fotoalbomu nazir müavininə verib.

Nazir müavini Hüseyn Yayman dahi Azərbaycan bəstəkarı Qara Qarayevin təkcə Azərbaycanın deyil, bütün türk dünyasının böyük sənətkarı olduğunu xüsusi vurğulayıb, bəstəkarın əsərlərinin bütün dünyada sevilərək ifa edildiyini söyləyib.

Görüşün sonunda Hüseyn Yayman Türkiyə haqqında fotoalbomu və İstanbul haqqında kataloqu görüş iştirakçılarına və Milli Kitabxanaya hədiyyə edib.

Görüşdə TÜRKSOY-un baş katibinin yardımçısı Fırat Purtaş və Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı da iştirak ediblər.

azertag.az