“Şəngülüm, Məngülüm” premyeraya hazırlaşır
16.2.2018

Mütəmadi repertuarında dəyişikliklər edən, yeni nümunələrlə yanaşı klassik ədəbi materialları fərqli quruluşlarda teatrsevərlərə təqdim edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir premyerasına hazırlaşır.

Teatrdan bildirilib ki, bu dəfə balaca tamaşaçılara hamının az qala əzbər bildiyi və bu günədək bir neçə quruluşda səhnə həyatı yaşayan məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” təqdim olunacaq.

Mikayıl Müşfiqin məşhur mənzum nağılı bu dəfə müəyyən ixtisarlarla mono-tamaşa olaraq izləyicilərin görüşünə gələcək.

Teatrın quruluşçu rejissoru Anar Məmmədovun hazırladığı tamaşada əsas rolu Musiqili Teatrın istedadlı aktrisası Ülviyyə Əliyeva oynayır.

Müəllif materialındakı Şüngülüm obrazının ixtisarı ilə yeni səhnə həyatı yaşayacaq tamaşada aktrisa canlı planda Nağılçı ilə yanaşı beş kuklanın (Şəngülüm, Məngülüm, Ana keçi, Canavar və Dəmirçi) obrazında tamaşaçı qarşısına çıxacaq.

Tamaşanın quruluşçu rəssamı İqbal Əliyev bu səhnə işində bir neçə kukla texnikasının sintezini yaradıb. Məhdud dekorasiyalarla əlvan çalarlı səhnə tərtibatını verən rəssam qolçaq kuklalarının istifadə olunduğu tamaşada əsas diqqətini obrazların müasir görkəmdə təqdimatına verib.

Kukla tamaşasının bəstəkarı Əməkdar Artist Elza Seyidcahandır. O, musiqilərində mətnin müəllifinin şeir nümunələrindən istifadə edib.

Uşaqlara klassik nağıl nümunəsini tam yeni, fərqli və çağdaş boyalarla təqdim edən tamaşa fevralın sonlarında teatrsevərlərin ixtiyarına veriləcək.

azertag.az