“YARAT”da tədqiqatçı-alimlə görüş təşkil olunub
16.2.2018

Fevralın 15-də “YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış tədqiqatçı-alim, “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılovla görüş təşkil olunub.

Tədbir “YARAT” Müasir İncəsənət Məkanı və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.

Görüşdə Faiq İsmayılov bildirib ki, hazırda Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələri ermənilər tərəfindən müxtəlif vandalizm aktlarına məruz qalır: “İşğal olunmuş ərazilərdəki memarlıq abidələri, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardımçı obyektlər, qalalar, siklop tipli abidələr, karvansaralar, malikanələr, saraylar, məscidlər, türbələr, su dəyirmanları və s. tamamilə sökülüb tanınmaz hala salınıb. Bu ərazilərdəki abidələrin demək olar ki, böyük əksəriyyəti İslam dövrünün abidələridir. Onlar ermənilər tərəfindən bir mənalı şəkildə məhv edilib, xristianlığa qədər və xristianlıq sonrakı dövr abidələri isə erməniləşdirilir”.

Qeyd edilib ki, ötən il Azərbaycan Memarlar İttifaqı tərəfindən xarici ölkə nümayəndələrinin iştirakı ilə işğal olunmuş ərazilərimizdəki memarlıq abidələri ilə bağlı iki tədbir keçirib və bu məsələlər müzakirə olunub. İşğal olunmuş ərazilərdə Azərbaycanın 4500 tarixi-memarlıq abidəsi, o cümlədən arxeoloji abidələri mövcuddur. Bu abidələr Azərbaycana xas olan memarlıq nümunələridir. Bu baxımdan Qarabağ memarlığının öyrənilməsinə böyük ehtiyac var. Oradakı abidələrimiz ermənilər tərəfindən dağıdılır, arxeoloji tapıntılar götürülərək erməni mədəniyyətinin nümunələri kimi ikinci və üçüncü ölkələrə çıxarılır. Bir mənalı şəkildə Azərbaycanın mədəni sərvəti Qarabağda məhv edilir. Sovetlər dövründə bütün Ermənistanda cəmi 3 erməni kilsəsi vardı. Bunlar təkcə Azərbaycanın Qarabağ bölgəsində 500 kilsə qeydiyyatdan keçiriblər.

Sonra qonaqlar tarixi abidələrimizin fotolarından ibarət sərgiyə baxıblar.

azertag.az