2013-cü ildə ali məktəblərin magistraturalarına sənəd verən bakalavrların xarici dillər üzrə yazı işlərinin qiymətləndirməsində xarici təşkilatların nümayəndələri iştirak edəcəklər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib ki, komissiya xarici fənlər üzrə qiymətləndirməni bir çox beynəlxalq təşkilatlarla birgə aparır. Onun sözlərinə görə, rus və ingilis dilində olan materialları beynəlxalq ekspertlərin köməyi ilə qiymətləndirmək imkanı var: “Hazırda bu sahədə müvafiq danışıqlar aparılır. Yəqin ki, informasiya-kommunikasiya texnologiyaları bu işi həyata keçirməyə imkan verəcək. Bu il keçirilməsi nəzərdə tutulan bu proses yalnız rus və ingilis dilləri üzrə qiymətləndirmə işləri ilə bağlıdır”.
N. Əliyev magistraturaya qəbul imtahanında elektron imzanın tətbiqi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, elektron imza ilə sənəd verənlər üçün proqram təminatı hazırlanıb: “Ancaq elektron imzaların alınması TQDK-nın səlahiyyətinə aid məsələ deyil, bu sahədə biz nə isə deyə bilmərik”.
Şöbə müdiri həmçinin qeyd edib ki, növbəti tədris ili üçün ali məktəblərin magistraturalarına qəbul planı hələlik məlum deyil. Onun sözlərinə görə, bu barədə məlumat fevral ayınadək açıqlana bilər.
APA