Bakı Ali Neft Məktəbi (BANM) və ASAN xidmətin ASAN Könüllülük Məktəbinin birgə əməkdaşlığı çərçivəsində ilk dəfə olaraq “Karyera sərgisi” keçiriləcək.
Bu barədə BANM-dən məlumat verilib.
Əsas məqsədi ölkədə gənclərin məşğulluğunu artırmaq və onların işlə təmin olunmasına yardım etmək olan sərgi ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi tərəfindən BANM-ın təşkilatı dəstəyilə həyata keçiriləcək.
Sərgi 2018-ci ilin 1 mart tarixində, saat 10:00-dan 17:00-dək BANM-ın kampusunda keçiriləcək. “Karyera sərgisi” bütün vətəndaşlar üçün açıqdır və hər kəs iştirak edə bilər. Sərgidə çoxlu sayda ölkənin aparıcı şirkətlərinin iştirak nəzərdə tutulub. Sərgidə iştirak edən gənclər müxtəlif şirkətlərlə tanış olacaq və həmin şirkətlərin insan resursları üzrə müxtəxəssislərilə ünsiyyət yarada biləcəklər. Şirkətlər də öz növbəsində müxtəlif iş və peşəkar təcrübə təkliflərilə sərgi iştirakçılarının görüşünə gələcək, özləri üçün potensial kadrlar seçmək imkanı əldə edəcəklər.
“Karyera sərgisi”ndə SOCAR, Paşa Siğorta, Gilan Holdinq, EY, KPMG, Azercell, Atəşgah Siğorta, Azər Türk Bank, “Fireworks HR Agency”, Libraff və s. kimi tanınmış şirkətlər və onların insan resurları üzrə mütəxəssisləri iştirak edəcəklər.
Qeyd edək ki, öz məzunlarının işlə təmin olunmasına görə respublikada lider olan BANM bütün gənclərin işlə təmin olunması üçün atılan addımları dəstəkləyir və bu istiqamətdə hər cür təşkilati dəstək göstərməyə hazırdır.
report.az