Dövlət İmtahan Mərkəzi (DİM) vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün yanvarın 11-də elan edilən müsabiqə üzrə müsahibədə qeydə alınan namizədlərlə müsahibələrin keçirilmə qrafikini açıqlayıb.
DİM-in mətbuat xidmətindən verilən məlumata görə, namizədlərin iddia etdikləri vəzifələrin yerləşdiyi ünvana uyğun olaraq müsahibələrin Bakı şəhərində və regionlarda (Gəncə, Mingəçevir, Şirvan, Lənkəran, Göyçay, Quba və Şəki şəhərlərində) keçirilməsi nəzərdə tutulub.
Müsahibələr Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Tarif Şurasının Katibliyi, Maliyyə Nazirliyi və məhkəmə orqanları üzrə elan edilən vakant vəzifələri əhatə etməklə fevralın 21-də başlayacaq və martın 16-dək davam edəcək.
Bildirilib ki, DİM-in saytında fevralın 23-ə qədər olan müsahibələrin qrafiki verilib. Digər namizədlərlə müsahibələrin keçirilmə qrafiki də yaxın günlərdə elan olunacaq.
report.az