Azərbaycanlı tenor Rusiya Böyük Teatrında çıxış edib
16.2.2018

Azərbaycanın Əməkdar Artisti, tanınmış opera müğənnisi Yusif Eyvazov Rusiya Dövlət Akademik Böyük Teatrında dahi rus bəstəkarı P.İ.Çaykovskinin “Qaratoxmaq qadın” operasının yeni variantının premyerasında uğurla çıxış edib. Azərbaycanlı tenor operada baş rolu – German rolunu ifa edib.

Operanın yeni variantı Y.B.Vaxtanqov adına teatrın bədii rəhbəri Rimas Tuminasın quruluşunda təqdim olunub. Tamaşaçılar arasında Yusif Eyvazovun xanımı, Rusiyanın Xalq Artisti, məşhur opera müğənnisi Anna Netrebko da var idi.

Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyətin nümayəndələrinin də olduğu tamaşaçı auditoriyası Yusif Eyvazovun səhnəyə çıxışını sürəkli alqışlarla qarşılayıblar.

“Qaratoxmaq qadın” operasının premyerası Rusiya Böyük Teatrında fevralın 18-dək davam edəcək.

Qeyd edək ki, Yusif Eyvazov Əlcəzairdə, azərbaycanlı müəllim ailəsində anadan olub. Uşaqlıq və yeniyetmə çağlarını Bakıda yaşayıb, Bakı Musiqi Akademiyasında təhsil alıb. 1977-ci ildə İtaliyaya köçüb. İtaliya, Avstriya, Fransa, Rusiya, Almaniya və ABŞ-ın məşhur opera teatrlarının səhnələrində çıxış edib. 2015-ci ildə dünya şöhrətli opera müğənnisi Anna Netrebko ilə ailə həyatı qurub.


azertag.az